Bakı. Trend:
Azərbaycan həm özünün, həm də Asiyadan Avropaya qədər geniş coğrafiyada olan ölkələrin "yaşıl" enerjiyə keçidinə mühüm töhfə verəcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Bakıda COP29 çərçivəsində "Bərpa olunan enerji mənbələrinin həcmini üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə yüksəltmək üçün investisiyaların genişləndirilməsi" mövzusunda keçirilən nazirlər dialoqu zamanı bildirib.
"Bu dövr ərzində bizim əsas strateji məqsədlərimizdən biri 5 gigavatlıq əlavə enerji tutumunun yaradılması və bu enerjinin Xəzər-Qara dəniz, Avropa və Azərbaycan-Türkiyə dəhlizləri vasitəsilə Avropaya çatdırılması, həmçinin, Qazaxıstan və Özbəkistandan bərpa olunan enerjinin ötürülməsi üçün Azərbaycan-Mərkəzi Asiya "yaşıl" enerji dəhlizinin yaradılmasıdır.
Əgər bütün bu regional "yaşıl" enerji dəhlizləri birləşərsə, Azərbaycan həm özünün, həm də Asiyadan Avropaya qədər geniş coğrafiyada olan ölkələrin "yaşıl" enerjiyə keçidinə mühüm töhfə verəcək, həmçinin, 2030-cu ilə qədər qlobal öhdəliklərin yerinə yetirilməsinə yardım edəcək.
Bu təşəbbüslərin səmərəli tətbiqi və energetika keçidində həqiqi transformasiya üçün hər bir ölkə, təşkilat və sektor arasında sıx əməkdaşlıq və dəstək lazımdır. Gəlin, bütünlüklə öz öhdəliklərimizə sadiq qalaq, maliyyə və texnoloji resurslarımızı səfərbər edək və gələcəyimiz üçün qərarlı addımlar ataq. İndi kollektiv hərəkət etmək və COP29-un qlobal enerji məqsədlərini reallığa çevirmək zamanıdır", – nazir bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.