Bakı. Trend:
Biznes də, hökumətlər də təmiz enerji inqilabını dayandırmayacaq.
Trend xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında deyib.
"Təmiz enerji inqilabı artıq başlayıb. Heç bir qrup, heç bir biznes və ya heç bir hökumət bunu dayandıra bilməz. Amma siz bunu ədalətli və kifayət qədər sürətli etməlisiniz ki, qlobal istiləşməni 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdıra biləsiniz", – o qeyd edib.
A.Quterreş daha əvvəl verilən vədlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
"İndi hərəkət etmək vaxtıdır", – o deyib.
"COP28-də siz hamınız qalıq yanacaqdan imtina etməyə, sıfır karbon izinə sahib enerji sistemlərinin tətbiqini sürətləndirməyə, bu hədəflərə çatmaq üçün mərhələləri müəyyənləşdirməyə, həmçinin, iqlim dəyişikliyinə uyğunlaşmanı sürətləndirməyə və növbəti milli iqlim planlarını – və ya NDC-ləri – 1,5 dərəcə məhdudlaşdırma məqsədinə uyğunlaşdırmağı qarşıya məqsəd qoydunuz", – deyə BMT Baş katibi bildirib.
Geniş ictimai dəstəyə istinad edərək, A.Quterreş qeyd edib ki, Oksford Universiteti və BMT İnkişaf Proqramı tərəfindən aparılan sorğu göstərdi ki, dünya üzrə 80 faiz insan iqlim sahəsində daha qətiyyətli tədbirlər tələb edir.
Bu tələbə alimlər, fəallar və gənclər də dəstək verirlər və onun sözlərinə görə, "onların səsi boğulmamalıdır, əksinə eşidilməlidir".
A.Quterreş bərpa olunan enerji mənbələrinə doğru böyük iqtisadi dəyişikliyi vurğulayıb.
"Keçən il ilk dəfə olaraq elektrik şəbəkələrinə və bərpa olunan enerji mənbələrinə investisiyalar qalıq yanacaqlara olan sərmayəni keçib", - o bildirib.
O, bu transformasiyanı "qaçılmaz və geri dönməz" adlandırıb.
“Demək olar ki, hər yerdə günəş və külək enerjisi yeni elektrik enerjisi mənbələri olaraq ən ucuzdur”, - o əlavə edib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.