Bakı. Trend:
COP29 öhdəliklərin və irəliləyişin həyata keçirilməsini sürətləndirmək üçün qlobal səylərin yeni təkan qüvvəsidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Bakıda COP29 çərçivəsində "Bərpa olunan enerji mənbələrinin həcmini üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə yüksəltmək üçün investisiyaların genişləndirilməsi" mövzusunda keçirilən nazirlər dialoqu zamanı bildirib.
"COP29 bərpa olunan enerji mənbələrinin üç dəfə artırılması və enerji səmərəliliyinin iki dəfə yüksəldilməsi kimi iddialı hədəflərə gedən yolda mühüm mərhələdir.
Bərpa olunan enerji və enerji səmərəliliyi üzrə Qlobal Öhdəlik vasitəsilə, Avropa Komissiyası ilə COP28-də Beynəlxalq Enerji Agentliyi və IRENA ilə tərəfdaşlığımız, "yaşıl" enerjinin təşviqinə və dəstəklənməsinə olan sarsılmaz bağlılığımızı nümayiş etdirir, beynəlxalq səylərə işıqlı və daha səmərəli gələcək üçün dəstək verir.
Demək olar ki, bir il əvvəl, COP28-də dünyanın əksər ölkələri 2030-cu ilə qədər enerji keçidi üçün əsas amillər olan bərpa olunan enerji və enerji səmərəliliyi üzrə kollektiv öhdəliklər götürdü. Bu mühüm an iqlim dəyişikliyi ilə mübarizədə qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmağa yönəlmiş dönüş nöqtəsi oldu.
COP29 bu öhdəliklərin və irəliləyişin həyata keçirilməsini sürətləndirmək üçün qlobal səylərin yeni təkan qüvvəsidir, sürətli enerji keçidinə maneələri aradan qaldırmağa fokuslanır", – deyə P.Şahbazov vurğulayıb.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.