...

Azərbaycan 2030-cu il üçün BEM-in payını 35,5 faizə qədər yeniləyib - Pərviz Şahbazov

Yaşıl iqtisadiyyat Materials 12 Noyabr 2024 11:52 (UTC +04:00)
Azərbaycan 2030-cu il üçün BEM-in payını 35,5 faizə qədər yeniləyib - Pərviz Şahbazov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan 2030-cu il üçün bərpa olunan enerji mənbələrinin (BEM) payını 35,5 faizə qədər yeniləyib.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov Bakıda COP29 çərçivəsində "Bərpa olunan enerji mənbələrinin həcmini üç dəfə artırmaq və enerji səmərəliliyini iki dəfə yüksəltmək üçün investisiyaların genişləndirilməsi" mövzusunda keçirilən nazirlər dialoqu zamanı bildirib.

"Şərqi Zəngəzurda yerləşən "yaşıl" enerji zonasında 200 meqavatt gücündəki günəş elektrik stansiyası ümumilikdə Azərbaycanda neft və qaz sektorunun karbon emissiyasının azaldılmasında mühüm rol oynayacaq. Ümumilikdə, 2030-cu ilə qədər istismara veriləcək 2 250 meqavatt gücündəki günəş və külək elektrik stansiyaları, bərpa olunan enerjinin ümumi təyin olunmuş gücdəki payını 35,5 faizə qədər artıracaq.

Bu, yalnız 30 faizlik hədəfimizi yeniləmək deyil, həm də günəş və külək enerjisinin enerji sistemimizdəki payını 7 dəfə artırmaq deməkdir", - deyə P.Şahbazov bildirib.

Onun sözlərinə görə, bu günəş elektrik stansiyası dünyanın ən böyük neft və qaz terminalından biri olan Səngəçal terminalını enerji ilə təmin edəcək.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti