...

BMT-də insanlıq əleyhinə cinayətlərin qarşısının alınması istiqamətində yeni beynəlxalq konvensiya qəbul ediləcək

Siyasət Materials 6 Yanvar 2025 13:13 (UTC +04:00)
BMT-də insanlıq əleyhinə cinayətlərin qarşısının alınması istiqamətində yeni beynəlxalq konvensiya qəbul ediləcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü il noyabrın 25-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Hüquq məsələləri üzrə Komitəsinin (Altıncı Komitə) təşəbbüsü əsasında Assambleya 79-cu sessiya çərçivəsində 99 dövlətin konsensusu əsasında tarixi qətnamə qəbul edərək, 2027-2028 illərdə “İnsanlıq əleyhinə cinayətlərin qarşısının alınması və onların cəzalandırılması haqqında” Beynəlxalq Konvensiya layihəsi ilə bağlı bütün zəruri hazırlıq işlərinin tamamlanmasını və yeni universal müqavilənin qəbul edilməsini qərara aldı.

Bunu Trend-ə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nizami Səfərov deyib.

"Məlum olduğu kimi, insanlıq əleyhinə cinayətlərə həsr edilən ayrıca beynəlxalq müqavilənin olmaması, beynəlxalq cinayətlər kateqoriyasına daxil olan bu əməllərlə bağlı beynəlxalq hüquqda ciddi boşluq yaratmışdır. Əgər soyqırım beynəlxalq hüquq əleyhinə cinayət kimi 1948-ci il dekabrın 9-da qəbul edilən Konvensiyada təsbit edilmişdirsə, və öz növbəsində, müharibə cinayətləri 12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 1977-ci il 8 iyunda qəbul edilən I və II saylı Əlavə Protokollarına uyğun olaraq beynəlxalq humanitar hüququn ciddi pozuntuları qismində beynəlxalq cinayətlər kimi tövsif edilirsə, insanlıq əleyhinə cinayətlərlə bağlı qlobal hüquqi aktın olmaması bu əməllərlə mübarizədə qeyrı-müəyyən vəziyyət yaradır. Mövcud hüquqi durumu nəzərə alaraq, BMT-nin Beynəlxalq hüquq komissiyası 2013-cü ildə özünün 65-ci sessiyasında “İnsanlıq əleyhinə cinayətlər” mövzusunu uzunmüddətli işlər proqramına daxil etdi. Komissiyanın qənaətinə görə, insanlıq əlehinə cinayətlərin qarşısının alınması, bu əməlləri törədən şəxslərin cəzalandırılması və həmin beynəlxalq cinayətlərlə mübarizədə dövlətlərarası əməkdaşlığın həyata keçirilməsi məsələlərini tənzimləyən qlobal konvensiyanın olmaması ümumiyyətlə müasir beynəlxalq hüquq sistemində, və xüsusi olaraq beynəlxalq cinayət hüququ, beynəlxalq humanitar hüquq və insan hüquqlarının beynəlxalq hüququ sahələrində çatışmayan əhəmiyyətli elementdir. BMT-nin Beynəlxalq hüquq komissiyasındakı müzakirələr zamanı qeyd olunduğu kimi, soyqırım və müharibə cinayətlərinə aid öhdəliklərdən fərqli olaraq insanlıq əleyhinə cinayətlərə dair konkret və adekvat beynəlxalq standartların olmaması bu cinayətlərlə bağlı cinayət təqibinin səmərələliyinə və operativliyinə ciddi neqativ təsir göstərir", - o bildirib.

Onun sözlərinə görə, ikinci dünya müharibəsindən sonra insanlıq əleyhinə cinayətlərin hüquqi cəhətdən irimiqyaslı kodifikasıyası 1998-ci ilin iyun-iyul aylarında Romada keçirilən diplomatik konfransda qəbul olunan və 1 iyul 2002-ci ildə qüvvəyə minən Beynəlxalq Cinayət Məhkəməsinin Nizamnaməsində həyata keçirilsə də, nəzərə almaq lazımdır ki, bir sıra dövlətlər (Azərbaycan Respublikası, Türkiyə, ABŞ, Cin, İsrail, Rusiya Federasiyası, Hindistan və s.) bu məhkəmə orqanının iştirakçısı deyildir və qeyd edilən cinayətlərin milli qanunvericilikdə təsbit edilməsi onların hüquqi öhdəliklərinə daxil deyildir.

"Buna baxmayaraq, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi insanlıq əleyhinə cinayətlərın geniş kodifikasıyasını həyata keçirmişdir. Beynəlxalq cinayətlərin təqibində ciddi hüquqi boşluğun aradan qaldırılması uçun yeni konvensiyanın qəbulu və həmin hüquqi aktdan irəli gələn öhdəliklərin implementasiyası insanlıq əleyhinə cinayətlərlə mübarizə üçün başlıca şərtdir.

Hazırda BMT-nin Beynəlxalq hüquq komissiyası özünün 71-ci sessiyasında insanlıq əleyhinə cinayətlərə dair maddələr layihəsini ikinci oxunuşda qəbul edərək, yeni konvensiya üçün zəruri hüquqi baza yaratmışdır və belə bir sənəd beynəlxalq miqyasda bütövlükdə bəşəriyyətə qarşı törədilən bu əməllərlə mübarizə mexanizmini əsaslı şəkildə təkmilləşdirəcək", - o bildirib.

Xəbər lenti

Xəbər lenti