Bakı. Trend:
ABŞ-ın Cənubi Kipri silah satışı və hərbi təlim üçün uyğun ölkə kimi tanıması ilə bağlı qərarına Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Trend-in məlumatına görə, Nazirlik bu qərarı qınayıb və Şimali Kipr Türk Respublikasının (ŞKTR) Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasındakı fikirlərlə həmrəy olduğunu vurğulayıb.
“Ada üzərində silahlanmanı artıracaq bu qərarı ciddi səhv hesab edirik. Bölgənin olduqca həssas bir dövrdən keçdiyi nəzərə alınaraq, bütün tərəflərin təhrikedici addımlardan çəkinməsi və təmkinli yanaşması vacibdir. Ümid edirik ki, ABŞ-nin yaxın vaxtlarda işə başlayacaq yeni rəhbərliyi mövcud Prezidentin atdığı bu səhv addımı yenidən nəzərdən keçirəcək,” - bəyanatda deyilir.
Həmçinin qeyd olunub ki, Türkiyə Şimali Kiprin müdafiə qabiliyyətlərini gücləndirmək üçün atacağı addımları dəstəkləməkdə davam edəcək.