Bakı. Trend:
Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində törədilmiş cinayətlərdə təqsirləndirilənlər üzərində məhkəmə prosesi keçirildiyi bir əsnada, “Le Figaro” jurnalı növbəti qalmaqala qarışıb.Erməni ekstrimist qruplaşmalarla əlaqələri olan şəxslərə - Murad Papazyan və Ara Toranyana platforma təqdim edərək, Fransanın həftəlik nəşri bununla faktiki olaraq ölkənin milli təbliğat ruporu olduğunu nümayiş etdirib və obyektiv jurnalistika görüntüsündən imtina edib.
“La Gazette du Caucase” nəşri öz məqaləsində “Le Figaro”nun redaksiya siyasətinin həm etik, həm də faktiki nöqsanlarını ifşa edir.
"La Gazette" yazır ki, sözügedən nəşr “rəylər jurnalistikasının” bir istehkamına çevrilib və orada sensasionluq və erməni diasporunun radikal dairələrinə xidmət edən narrativlər obyekvilikdən çox uzaqdır.
“La Gazette”nin tənqid hədəfinə “ Le Figaro”da nəşr olunan yazı çevrilib: “La Gazette” onu “xalis təbliğat” kimi xarakterizə edir. Onilliklər ərzində davam edən münaqişənin gedişində, 1992-ci ildə Xocalı soyqırımı və ya 2020-ci ildə Gəncənin bombalanması kimi hadisələrdə azərbaycanlılar amansız cinayətlərə məruz qalıb və bu beynəlxalq səviyyədə qınanılıb. Bunun əksi olaraq, Azərbaycan Silahlı Qüvvələrinin nə vaxtsa məqsədyönlü şəkildə erməni mülki əhalisinə silah qaldırmasına dair heç bir sübut yoxdur. Bununla belə, “Le Figaro” Azərbaycanı təcavüzkar, onilliklərlə davam edən erməni işğalı və etnik təmizləmə siyasətini isə əsaslandırılmış fakt kimi qələmə verərək tarixi faktların altını üstünə çevirən materiallar dərc edir.
Qondarma “Arsax respublikası”nı Ermənistan heç vaxt tanımayıb. Buna baxmayaraq, Ermənistanın hərbi birləşmələri az qala 30 il ərzində həmin əraziləri əlində saxlayıb və milyona yaxın azərbaycanlını öz evlərini tərk etmək məcburiyyətində qoyub. “La Gazette”nin fikrincə, Xankəndinin dinc yolla azad edilməsinin “etnik təmizləmə” kimi təqdim edilməsi “həm gülməli, həm də ağlamalıdır”, və indiyə kimi ədalətin öz yerini tapmasını gözləyən həqiqi etnik təmizləmə qurbanlarına bir təhqirdir.
Məqalənin müəllifləri Murad Papazyan və Ara Toranyan heç də qərəzsiz şərhçilər kimi tanınmırlar. Papazyanın fəaliyyətləri Ermənistan İnqilabi Federasiyası ("Daşnaksütyun") ilə sıx bağlıdır və o, siyasi məqsədlərə çatmaq üçün zorakılığı dəstəkləməsi ilə məşhurdur.
Torayanın xidməti siyahısı da az qalmaqallı deyil. ASALA terrorçu qruplaşmasının siyasi qanadı sayılan Ermənistan Milli Hərəkatının keçmiş liderinin adı çoxsaylı terror aktları, o cümlədən 1983-cü ildə Fransanın Orli aeroportunda törədilmiş partlayışa görə cavabdehlik daşıyan təşkilatla yanbayan hallanır. Hərçənd, o formal olaraq ASALA-dan uzaqlaşsa da, “La Gazette”nin fikrincə, onun ekstrimist baxışları hələ də dəyişməz olaraq qalır, nüfuzu isə Fransanın siyasi elitası, o cümlədən prezident Emmanuel Makronla isti münasibətlərinin sayəsində daha da güclənib.
Papazyan və Toranyan kimi fiqurlara platforma verməklə, “Le Figaro” anlaqlı şəkildə jurnalistika prinsiplərindən vaz keçmiş olub. “La Gazette” xüsusi olaraq jurnalın baş redaktor müavini Jan-Kristof Buissonun adını vurğulayır. Nəşrin qeydinə görə, sözügedən şəxs “Le Figaro”nu bir “təbliğat ruporuna” çevirib. Buissonun qatı-sağçılar və millətçilərə dəstəklə bağlı tarixçəsi isə bu şübhələri daha da gücləndirir. Belə ki, o erməni separatçı narrativlərinin legitimləşdirilməsi və alternativ nöqteyi-nəzərlərin susdurulması üçün öz nüfuzundan istifadə edir.
Belə şəxslərə platforma təqdim etməklə "Le Figaro" jurnalist prinsipiallığını qurban vermiş və obyektivliyi tamamilə itirmişdir. Ekstrimistlərlə əməkdaşlıq etməklə və təhrif olunmuş faktları yaymaqla nəşr təkcə peşəkar strandartları pozmur , həm də regionda sülh və barışığın bərqərar olması üçün atılan səylərə ağır zərbə vurur.
“La Gazette du Caucase”nin haqlı olaraq qeyd etdiyi kimi, bu cür jurnalistikanın tənəzzülü yalnız nifrətə layiqdir.