...

Azərbaycan regionun əsas tranzit ölkəsinə çevrilmək yolunda inamla irəliləyir - Azər Qarayev

Siyasət Materials 30 Yanvar 2025 19:19 (UTC +04:00)
Azərbaycan regionun əsas tranzit ölkəsinə çevrilmək yolunda inamla irəliləyir - Azər Qarayev
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Son illərdə beynəlxalq ticarət yollarının diversifikasiyası və təhlükəsizliyinin artırılması qlobal siyasətdə mühüm yer tutur. Bu kontekstdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) regional və beynəlxalq əməkdaşlığın əsas elementlərindən birinə çevrilib. Azərbaycan və Qazaxıstan bu marşrutun əsas oyunçuları kimi çıxış edərək, nəqliyyat və logistika sahəsində mühüm addımlar atır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

"Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya uzanan alternativ ticarət marşrutudur. Bu dəhliz Asiya ilə Avropa arasında ticarət əlaqələrinin şaxələndirilməsinə, yükdaşımaların sürətlənməsinə və logistika imkanlarının genişlənməsinə imkan yaradır.

Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda Orta Dəhlizə maraq xeyli artıb. Qərbin Rusiyaya qarşı sanksiyaları Şimal Dəhlizinin (Rusiya üzərindən keçən əsas tranzit yolu) funksionallığını zəiflədib. Bu səbəbdən, Çin, Mərkəzi Asiya ölkələri və Avropa üçün Orta Dəhliz daha cəlbedici bir marşrut halına gəlib", - o bildirib.

Politoloqun sözlərinə görə, Azərbaycan və Qazaxıstan Orta Dəhlizin inkişafı üçün vacib strateji mövqeyə malikdirlər.

"Hər iki ölkə tranzit marşrutunun gücləndirilməsi üçün ciddi investisiyalar yatırır.

Bu kontekstdə, Azərbaycan tərəfi Bakı Beynəlxalq Dəniz Ticarət Limanını genişləndirir, dəmiryol və avtomobil yollarını təkmilləşdirir. Bundan başqa, ölkə Xəzər dənizi üzərindən yükdaşıma imkanlarını artırmaq üçün yeni logistika həlləri təqdim edir. Qazaxıstan isə öz növbəsində Aktau və Kurık limanlarının modernləşdirilməsi, yeni nəqliyyat dəhlizlərini yaradmaq ilə ölkənin Orta Dəhlizdə rolunu gücləndirir. Hər iki ölkə nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirərək, dəhlizin rəqabət qabiliyyətini artırmaq üçün müxtəlif beynəlxalq layihələr həyata keçirir", - A.Qarayev deyib.

Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun önəmindən danışan politoloq vurğulayıb ki, BTQ Orta Dəhlizin əsas sütunlarından biridir.

"2017-ci ildə istifadəyə verilən bu xətt Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya birbaşa çıxışı təmin edir. Bu dəmiryolu yüklərin daşınma müddətini əhəmiyyətli dərəcədə azaldır, Xəzər regionu və Avropa arasında ticarət əlaqələrini gücləndirir, Orta Dəhlizin qlobal nəqliyyat şəbəkəsində əsas marşrutlardan biri olmasına kömək edir. 2022-ci ildən etibarən BTQ-nin yükdaşıma potensialının artırılması üçün yeni layihələr icra olunur və infrastruktur daha da modernləşdirilir.

BTQ layihəsi başladıqda, Avropa İttifaqı bu strateji marşrutun tikintisinə maliyyə dəstəyi göstərməkdən imtina etdi. Halbuki, bu layihə Avropanın Asiya ilə birbaşa dəmiryol əlaqəsini gücləndirəcək və regionda ticarətə yeni təkan verəcəkdi. Nəticədə Azərbaycan öz vəsaitindən istifadə edərək layihəni tamamlamağa qərar verdi. Bundan əlavə, Azərbaycan Gürcüstana BTQ xəttinin öz ərazisindən keçən hissəsinin tikintisi üçün kredit ayırdı. Bu addım Azərbaycanın nəinki öz maraqlarını təmin etdiyini, eyni zamanda regionda iqtisadi əməkdaşlığa dəstək verdiyini bir daha sübut etdi", - politoloq bildirib.

A.Qarayev qeyd edib ki, Orta Dəhliz həm Çin, həm də Avropa üçün mühüm geostrateji və iqtisadi əhəmiyyət daşıyır.

"Pekin "Bir Kəmər, Bir Yol" təşəbbüsü çərçivəsində Orta Dəhlizi mühüm alternativ marşrut kimi görür. Bu dəhliz ticarət üçün yeni imkanlar açır və Çinin Avropa bazarlarına çıxışını asanlaşdırır. Eyni zamanda, Avropa İttifaqı Çinlə ticarət əlaqələrini gücləndirmək və tədarük zəncirlərini diversifikasiya etmək istəyir. Orta Dəhliz bu baxımdan Avropa üçün strateji əhəmiyyət daşıyır, çünki daha təhlükəsiz və qısa marşrut təqdim edir", - o bildirib.

Politoloq bildirib ki, ümumilikdə, Azərbaycanın regionda nəqliyyat sahəsindəki roluna baxarsaq, ölkəmiz son illərdə nəqliyyat-logistika sahəsində mühüm uğurlar əldə edib və regionda əsas nəqliyyat qovşağına çevrilib.

"Məsələn, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində ən böyük yükdaşıma mərkəzinə çevrilib, Ələt Azad İqtisadi Zonası Orta Dəhlizdə logistika mərkəzi kimi formalaşır, Transxəzər marşrutu çərçivəsində dəniz, dəmiryol və avtomobil yolları daha səmərəli işləyir.

Bütün bu amillər Azərbaycanın nəqliyyat və logistika sahəsində beynəlxalq rolunu daha da gücləndirir. Azərbaycan öz coğrafi mövqeyindən səmərəli istifadə edərək, regionun əsas tranzit ölkəsinə çevrilmək yolunda inamla irəliləyir", - politoloq qeyd edib.

Xəbər lenti

Xəbər lenti