...

Qərbi Azərbaycan İcmasının 9 rəsmi sənədi BMT-nin üzv dövlətləri arasında yayılıb - İcma sədri

Siyasət Materials 26 Fevral 2025 12:02 (UTC +04:00)
Qərbi Azərbaycan İcmasının 9 rəsmi sənədi BMT-nin üzv dövlətləri arasında yayılıb - İcma sədri
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son iki ildə biz xeyli dərəcədə öz Qərbi Azərbaycan həqiqətlərimizi, insanlarımızın qayıdış hüququnu beynəlxalq müstəviyə çıxara bildik.

Trend xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təkcə belə bir faktı demək kifayət edir ki, Qərbi Azərbaycan İcmasının 9 rəsmi sənədi bu gün BMT-nin rəsmi sənədi kimi dünyanın bütün BMT-nin üzvü olan dövlətləri arasında yayıla bilib.

"Heç şübhəsiz biz bunu yetəri hesab etmirik. Dünya Qərbi Azərbaycandan qovulan insanlarımızın hüquqlarını müdafiə etmək üçün, hüquqlarını təmin etmək üçün konkret addımlar atmalıdır. Beynəlxalq təşkilatlar artıq ikili standartlardan imtina etməlidirlər və insanlarımızın o torpaqlara qayıdış hüququnu etiraf etməlidirlər. Qərbi Azərbaycan İcması bu istiqamətdə sona qədər mübarizəsini davam etdirəcək. Necə ki, Qarabağımıza, Şərqi Zəngəzurumuza qayıtdıq, eyni zamanda Qərbi Azərbaycan ərazisinin də hər qarşısına qayıdacağıq. Bunun qarşısını heç bir qüvvə ala bilməz. Çünki bu, beynəlxalq hüquqa söykənən bir məsələdir", - icma sədri əlavə edib.

Xatırladaq ki, Ermənistanın uzun illər azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə, nifrət və soyqırımı siyasəti nəticəsində törədilmiş, bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunmuş Xocalı soyqırımından 33 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal etməklə, dinc əhaliyə qarşı soyqırımı cinayəti törətmişdir.

Təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bu soyqırım cinayəti nəticəsində 613 Xocalı sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 ahıl şəxs amansızlıqla qətlə yetirilmiş, şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuşdur. Eyni zamanda, həmin vaxt girov götürülmüş 1275 sakindən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi hələ də naməlum olaraq qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti