Bakı. Trend:
Bu ilin fevralında erməni millətçiləri və muzdluları tərəfindən
Sumqayıtda törədilən faciəli hadisələrdən 37 il ötür. 1988-ci ildə
Sumqayıtda törədilmiş təxribat xarakterli qırğınlar və qətllər,
bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş dünya erməniliyinin
əvvəlcədən planlaşdırılmış aksiyasının bir hissəsi idi. Bu
hadisələr Qarabağın Azərbaycandan qoparılması kampaniyasına
başlamaq üçün bəhanə kimi istifadə edildi və nəticədə silahlı
münaqişəyə səbəb oldu.
Sumqayıt ermənilər tərəfindən təsadüfən seçilməmişdi -- şəhər
əhalisinin çoxmillətli tərkibi kütləvi iğtişaşlar yaratmaq və sonra
bu hadisələri beynəlxalq aləmdə etnik münaqişə kimi təqdim etmək
üçün əlverişli idi. Sumqayıt hadisələri zorakılığın miqyasına görə
dünya ermənilərinin öz məkrli məqsədlərinə nail olmaq üçün
hədəflədiyi böyük strategiyanın tərkib hissəsi idi. Bu düşünülmüş
cinayət əməli regionda daha sonra başlayacaq hərbi əməliyyatlar
kontekstində mühüm bir mərhələ idi.
Erməni millətçiləri Sumqayıt hadisələrindən azərbaycanlıların
tarixi-etnik torpaqlarından qəddarcasına qovulmasına haqq
qazandırmaq üçün istifadə etdilər. İndiki Ermənistan ərazisi
Azərbaycanın tarixi torpaqlarıdır, burada hər zaman azərbaycanlılar
yaşayıb. Bu regiondakı şəhər və kəndlərin adları Azərbaycan
mənşəlidir. 1988-ci ilə qədər azərbaycanlıların Ermənistanda
yaşadığı ərazi respublikanın təxminən 7,5 min kvadrat kilometrini
təşkil edirdi. Bu fakt, Ermənistanı digər etnoslardan "təmizləmək"
arzusunda olan və şovinist fikirlər yayan erməni millətçilərini
narahat edirdi.
Erməni millətçilərinin digər millətlərə qarşı nifrəti təşviq etməsi
isə öz "bəhrəsini" verdi. 1988-1989-cu illərdə azərbaycanlılar
növbəti dəfə tarixi-etnik torpaqlarından deportasiya olundu.
Kütləvi repressiyalar başlayandan sonra təxminən 250 min
azərbaycanlı sakin Qərbi Azərbaycanı tərk etməyə məcbur qaldı və
qaçqın düşdü. Bu barbar siyasət nəticəsində Ermənistan demək olar
ki, 100 faizi ermənilərdən ibarət olan monoetnik dövlətə çevrildi.
Bu hadisə regionda elə bir faciəvi mərhələ oldu ki, onun nəticələri
bu gün də hiss olunmaqdadır. Təsadüfi deyil ki, bir vaxtlar
Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın səsləndirdiyi ən
məşhur ifadələrindən biri məhz “ermənilərlə azərbaycanlılar genetik
cəhətdən uyğun gəlmir” fikri idi. Bu "dahiyanə" fikirlə Köçəryan
ermənilərin Qarabağ müharibəsi illərində törətdiyi vəhşilikləri, o
cümlədən Xocalıda azərbaycanlılara qarşı soyqırıma bəraət
qazandırmağa çalışırdı. Onun həyat yoldaşı Bella Köçəryanın sözləri
isə erməni millətçiliyinin mahiyyətini tam açıq şəkildə nümayiş
etdirir: “Ermənilərə yalnız erməni qanı verilməlidir. Erməni qanı
spesifik genetik quruluşa malikdir”(!?).
Ermənilər öz yalanlarını gerçək kimi təqdim etməyə çalışaraq,
Sumqayıt hadisələri ilə bağlı faktları tərəddüd etmədən təhrif
etməklə sənədləri saxtalaşdırmağa və digər çirkin metodlara əl
atdılar. Lakin SSRİ Dövlət Təhlükəsizlik Komitəsi və Prokurorluğu
Sumqayıt hadisələrini hərtərəfli araşdıraraq müəyyən etdilər ki,
iğtişaşların gerçək təşkilatçıları məhz ermənilərdir. İstintaq
zamanı əsas təşkilatçıların adları müəyyən edildi, onların arasında
bu faciəli hadisələrin əsas günahkarı erməni millətçisi Eduard
Robertoviç Qriqoryan da var idi. Sumqayıtda öldürülən 26 nəfərdən
altısı birbaşa Qriqoryan tərəfindən qətlə yetirilmişdi ki, bu da
bir çox şahid ifadələri və sübutlarla təsdiq edilir. Qriqoryan həbs
olunur, bütün cinayətləri sübuta yetirilir. Bundan sonra o,
cəzasını çəkmək üçün Ermənistana göndərilir, lakin orada azadlığa
buraxılır. Sual yaranır: niyə Ermənistan cinayət törətmiş, 10-a
yaxın ermənini qətlə yetirmiş bir cinayətkarı azad edir? Cavab
sadədir: çünki onların tapşırıqlarını yerinə yetirirdi.
Sumqayıtda baş vermiş hadisələrin şahidləri şəhərdə ekstremist
qrupların ortaya çıxması haqqında hüquq-mühafizə orqanlarına
ətraflı məlumat veriblər. Həmin şahid ifadələrindən birini nəzərdən
keçirək:
Farhad Mövsümov, 1988-ci ildə Sumqayıt Səhiyyə İdarəsinin qarajının
əməkdaşı: “Qarajın müdiri Karlen Babayan idi. O, ətrafında yalnız
erməni millətindən olan işçiləri toplayırdı. Məlum hadisələrdən
əvvəl onun yanında tanımadığımız insanlar tez-tez toplaşırdı və
onlar erməni dilində danışırdılar. Sonradan məlum oldu ki, Karlenin
yanına İrəvandan və Xankəndidən ermənilər gəlirdi. Karlen onları öz
kabinetində qəbul edirdi və içəriyə heç kimi buraxmırdı. Mən
onların söhbəti ilə maraqlanmırdım, amma maaş veriləndə erməni
işçiləri onun kabinetinə girirdilər ki, bu da bizdə şübhələr
yaradırdı. Sonradan aydın oldu ki, onlar hər ay Dağlıq Qarabağdakı
“Krunk” təşkilatına maliyyə yardımı edirdilər. 1988-ci ilin fevral
ayının ortalarında mən başa düşdüm ki, Karlen Babayan qarajda
“Krunk” təşkilatının rəhbəri olub. Həmçinin, Sumqayıtdakı
iğtişaşlarda iştirak edən cinayətkar Eduard Qriqoryan da onun
yanında olurdu. Mən onu əvvəllər "Paşa" kimi tanıyırdım. O, çox
hiyləgər biri idi. Bizimlə hər zaman Azərbaycan dilində danışırdı.
Sumqayıtdakı iğtişaşlar zamanı anladım ki, bu "Paşa" məhz həmin
Eduard Qriqoryandır”.
Sumqayıtda erməni millətçiləri tərəfindən törədilən hadisələr,
həmçinin Qarabağda müharibənin başlanması və Azərbaycanın
beynəlxalq müstəvidə tanınan ərazisinin 20 faizinin işğalı kimi
daha genişmiqyaslı prosesləri başlatmaq üçün bəhanə oldu.
Heç şübhəsiz Ermənistanla müqayisədə daha əhəmiyyətli iqtisadi,
hərbi və insan resurslarına malik olan Azərbaycan öz ərazilərinin
işğalına sonsuz dözmək niyyətində deyildi. 2020-ci ildə Ermənistan
silahlı qüvvələrinin bir neçə istiqamətdən təxribatına cavab
olaraq, Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatı
başlatdı. 44 günlük hərbi əməliyyatların sonunda erməni ordusu
sarsıdıcı məğlubiyyətə uğradı, bu isə Ermənistanın baş naziri Nikol
Paşinyanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. 2023-cü
ildəki birgünlük lokal antiterror tədbiri Vətən müharibəsindəki
Qələbənin məntiqi davamı oldu. Erməni separatçıların qalıqları
silahları yerə qoymağa və Azərbaycan hakimiyyətinin şərtlərini
qəbul etməyə məcbur edildilər. Beləliklə, Azərbaycan Qarabağdakı
suverenliyini tam bərpa edərək dünya erməniliyinin bütün planlarını
tamamilə alt-üst etdi.
Sumqayıt hadisələrini təşkil edən erməni millətçiləri bir neçə
məqsəd güdürdülər. Birincisi, onlar azərbaycanlıların Qərbi
Azərbaycandan zorla qovulmasını, guya azərbaycanlılar tərəfindən
törədilmiş cinayətlərə reaksiya kimi təqdim edərək, bu prosesə haqq
qazandırmağa çalışırdılar. İkincisi, erməni tərəfi beynəlxalq
ictimaiyyəti Azərbaycanı qınamağa təhrik etməyə və Azərbaycanın
siyasi təcrid olunmasına çalışırdı. Radikal erməni qruplaşmaları
müstəsna hüquqlar tələb etməklə öz şərtlərini qəbul etdirməyə səy
göstərirdilər. Məhz bu ideologiya azərbaycanlıları öz tarixi
torpaqlarından qovmağa yönələn cinayətkar fəaliyyətin əsasını
təşkil edirdi.
Uzun illər ərzində erməni təbliğatı “günahsız qurban" obrazını
yaratmaq üçün Sumqayıt hadisələrindən beynəlxalq ictimaiyyəti
manipulyasiya etmək məqsədi ilə istifadə edirdi. Saxtakarlıqlar
yalnız erməni aqressiyasına haqq qazandırmaq üçün istifadə
olunmadı, həm də murdar məqsədlərə çatmaqda bir alətə çevrildi.
Sumqayıt hadisələrinin gerçək günahkarlarının müəyyən olunması və
istintaqın nəticələrinin ictimailəşdirilməsi erməni yalanını ifşa
etdi.
Bədnam Sumqayıt hadisələri millətçilik və ekstremizmin kütləvi
faciələrə səbəb olduğunu sübut edən bir nümunadir. Ona görə də,
Sumqayıt hadisələri kimi cinayətlərin təkrarlanmaması üçün mülki
əhaliyə qarşı zorakılıq törədən bütün erməni millətçiləri
istisnasız mühakimə edilməlidir. İnsanlıq naminə, ədalət
naminə.
Sevil Mikayılova
Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı