...

Prezident İlham Əliyev: Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır (TAM BƏYANAT)

Siyasət Materials 27 Fevral 2025 16:58 (UTC +04:00)
Prezident İlham Əliyev: Qvineya-Bisau ilə siyasi münasibətlər çox yaxşıdır (TAM BƏYANAT)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalo ilə mətbuata bəyanatında səsləndirib.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli cənab Prezident, əziz qardaşım.

Əziz qonaqlar, xanımlar və cənablar.

Əziz qardaşım, xoş gəlmisiniz. Bir daha Sizə “Xoş gəlmisiniz!” deyirəm. Sizin son səfəriniz yadımdadır, noyabr ayında COP29 konfransında iştirak etmək üçün ölkəmizdə oldunuz. Mən cənab Prezidenti Azərbaycana rəsmi səfərə dəvət etdim və şadam ki, o, mənim dəvətimi qəbul etdi. Beləliklə, bu gün cənab Prezident artıq ikinci dəfədir ki, ölkəmizdədir. Bu, bizim sıx qardaşlıq münasibətlərimizin aydın təzahürüdür. Bu onu göstərir ki, biz qardaş və dost kimi həqiqətən birgə işləyirik və bunu davam etdirəcəyik.

Bu səfər tarixi səfərdir. İlk dəfədir ki, Qvineya-Bisaunun Prezidenti rəsmi səfərə gəlib. Biz artıq ikitərəfli gündəliyə aid olan mühüm məsələləri müzakirə etdik və belə razılığa gəldik ki, tərəfdaşlığımızı bütün sahələrdə gücləndirək. Siyasi münasibətlər çox yaxşıdır. Bir daha qeyd etmək istəyirəm, bunun ən yaxşı təzahürü ondan ibarətdir ki, cənab Prezident ölkəmizə ikinci dəfədir səfər edir. Beynəlxalq təsisatlarda bir-birimizi hər zaman dəstəkləyirik, bunu belə də davam etdirəcəyik. BMT və digər beynəlxalq təsisatlarda, İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında bir-birimizi dəstəkləyirik.

Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq. Çünki biz artıq bir çox ölkələrə sərmayələr yatırırıq. Əlbəttə, biz məmnun olardıq ki, konkret layihələr fürsətini nəzərdən keçirək. Biz, həmçinin hesab edirik ki, bu, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq etmək üçün fürsət yaradır. Cənab Prezident Azərbaycanın hərbi hissələrinin birində olacaq və ona, o cümlədən Azərbaycanın müdafiə sənayesi haqqında təqdimat ediləcək. Bu ola bilsin ki, bizim dostlarımız üçün maraqlı olsun.

Bir sözlə, gündəlik genişdir, ən vacibi isə odur ki, bizim sıx qardaşlıq münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etmək istəyirik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.

Ümid edirəm ki, əziz qardaşım, Siz bir daha ölkəmizə gələcəksiniz. Həmçinin cənab Prezident məni öz ölkəsinə səfərə dəvət etdi. Məmnunluqla bunu edəcəyəm və biz öz məhsuldar dialoqumuzu davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti