Bakı. Trend:
Türkiyə və Azərbaycan regionda sülh və əməkdaşlıq istəyir.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün “X” hesabında yazıb.
“Mən qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevi Türkiyədə qəbul etməkdən çox məmnun oldum.
“Bir millət, iki dövlət” devizi ilə təcəssüm olunan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik.
Ölkələrimiz arasında əlaqələr müdafiədən tutmuş ticarətə qədər bir çox sahələrdə daim inkişaf edir”, - o bildirib.
Onun sözlərinə görə, bir çox layihələrlə taclandırdığımız enerji sektoru bu əməkdaşlıqlar arasında ön sıralardadır.
“Türkiyə və Azərbaycan sülhün, əmin-amanlığın, firavanlığın tərəfindədir.
Biz yalnız regionumuzda sülh istəyirik, əməkdaşlıq istəyirik, birlikdə inkişaf etmək istəyirik.
İnşallah bundan sonra regional sülhə, firavanlığa və əmin-amanlığa yönəlmiş hər cür layihələri birlikdə həyata keçirmək əzmindəyik”, - o bildirib.