Bakı. Trend:
Azərbaycan hazırda Cənubi Qafqazın 70 faiz iqtisadiyyatına sahib ölkədir. Dünyada heç vaxt iqtisadi gücün sərhədləri ərazi sərhədləri ilə üst-üstə düşməyib.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili “Deportasiyaya uğrayan irsin izi ilə” elmi-praktiki konfransında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, azərbaycanlıların Ermənistandan deportasiya olunması Azərbaycanın iqtisadi maraqlarına vurulan ən böyük zərbədir.
"Cümhuriyyət yarananda İrəvan mərkəzli Ermənistan dövlətinin yaradılması Azərbaycan iqtisadiyyatının Qara Dənizə çıxşını blokladı. Zəngəzurun Ermənistana verilməsi Azərbaycan iqtisadiyyatının Aralıq dənizinə çıxışını blokladı. Qərbi azərbaycanlıların öz torpaqlarından deportasiya olunması Azərbaycanın iqtisadi maraqlarını bloklamaqla yanaşı, Azərbaycan iqtisadiyyatını tarixdə görünməmiş şəkildə blokadaya saldı.
Biz bu gün Xəzər dənizindən başqa Azərbaycan ərazisindən istənilən istiqamətə getmək üçün kimdənsə icazə almalıyıq. Məhz bu tarixi və iqtisadi ədalətsizliyin tam pozulması deməkdir. Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıtması ilə həm də iqtisadi ədalətin bərpa olunacaq”, - deyə deputat çıxışını yekunlaşdırıb.