...

Geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq - Şafik Qabr

Siyasət Materials 13 Mart 2025 14:34 (UTC +04:00)
Geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq - Şafik Qabr
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bizim nəsil dünyanı daha gözəl bir məkana çevirməkdə uğursuz oldu. Lakin gənc nəsil Qərblə Şərq arasında körpülər qurur. Mən həm nikbinəm, həm də realist.

Trend xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında ARTOC İnvestisiya və İnkişaf Qrupunun sədri və icraçı direktoru Şafik Qabr deyib.

O bildirib ki, geosiyasi dəyişikliklər tarix boyu daim baş verib. İkinci Dünya müharibəsi, “soyuq müharibə”, pandemiya – bütün bu hadisələr dünyamızı dəyişib. Lakin hazırda proseslər daha da qütbləşir. Bəzi qüvvələr media vasitəsilə təsir göstərməyə çalışır. Yumşaq gücün təsiri azalır, möhkəm güc isə güclənir.

Şafik Qabr beynəlxalq təşkilatların əsas zəifliyinin onların daha çox hərbi xərclərlə bağlı müzakirələr aparmasında olduğunu vurğulayıb. “Anlamalıyıq ki, geosiyasi dəyişikliklər baş verdikcə geoiqtisadiyyat da dəyişəcək. Bu, bütün dünyaya təsir göstərəcək. Əgər geosiyasət sabit deyilsə, geoiqtisadiyyat da sabit olmayacaq”, - deyə o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti