Ağdam. Trend:
Ağdamda 2025-ci ilin sonundək 10 minə yaxın əhalinin məskunlaşması nəzərdə tutulur.
Bunu Trend-ə açıqlamasında Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi deyib.
O bildirib ki, Böyük Qayıdışa dair Birinci Dövlət proqramı çərçivəsində Ağdam şəhərində 5 yaşayış məhəlləsi inşa olunacaq.
"Hazırkı mərhələdə 2-ci yaşayış məhəlləsində tikinti işləri fasiləsiz davam edir. Bu məhəllələr təsdiq olunmuş baş plana uyğun olaraq Ağdamın mərkəzi küçəsində salınır. Bu ərazinin böyük hissəsi yaşılıq zonası olacaq, eləcə də velosiped dayanacaqları, istirahət köşələri və digər zəruri infrastruktur abidələri də yaradılacaq. Binaların tikintisində həm müasir memarlıq həllərindən, eləcə də milli naxış və ornamentlərdən istifadə olunub".
L.Sarabi onu da qeyd edib ki, ikinci yaşayış məhəlləsinin tikintisinin bu ilin sentyabır-oktyabr aylarında tamamlanması nəzərədə tutulur və bura ailələr köçürüləcək.
Qeyd edək ki, Ağdam şəhərində yerləşən ikinci yaşayış məhəlləsinin ümumi sahəsi 14 hektara yaxındır. 11 kvartaldan ibarət olan bu məhəllədə mənzilərin bir iki üç dörd otaqlı olması planlaşdırılır.
Xatırladaq ki, Ağdam şəhərində beş yaşayış məhəlləsinin tikintisi nəzərdə tutulur. 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci yaşayış məhəllələrində Baş plan üzrə söküntü və şaquli planlaşdırma işləri tamamlanıb. İkinci yaşayış məhəlləsində ötən ildən etibarən tikinti işlərinə başlanılıb.