Bakı. Trend:
Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın prioritet istiqamətləri açıqlanıb.
Trend xəbər verir ki, sənədə əsasən, Strategiya çərçivəsində aşağıdakı prioritet istiqamətlər üzrə tədbirlər həyata keçiriləcək:
Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi:
Əsaslandırma:
- innovasiyaları təşviq edən, sərmayələri cəlb edən, cəmiyyətin maraqlarını və dəyərlərini qoruyan süni intellekt üzrə idarəetmə sisteminin yaradılması və dünyada süni intellektin məsuliyyətli inkişafı üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilməsi Strategiyanın prioritet istiqamətlərindən biridir. Beləliklə, innovatorları, tədqiqatçıları və sahibkarları effektiv şəkildə dəstəkləyən, fəaliyyətləri stimullaşdıran, eyni zamanda əhalinin süni intellekt texnologiyalarına inamını təmin edən idarəetmə sistemi formalaşdırılacaqdır;
Görüləcək tədbirlər:
-süni intellektin inkişafı üçün milli prioritet
sektorların və sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının)
müəyyən edilməsi;
- süni intellekt üzrə sektor üzrə məsul dövlət orqanlarının
(qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi;
- məsuliyyətli və etik süni intellekt üzrə normativ hüquqi bazanın
yaradılması;
- süni intellekt sistemlərinin dizaynı, tətbiqi və istifadəsi
zamanı fərdi məlumatların mühafizəsi ilə bağlı risklərin müəyyən
edilməsi və qarşısının alınması qaydalarının təsdiq edilməsi;
- süni intellekt üzrə standartlaşdırmanın tətbiq edilməsi;
Gözlənilən nəticə və nəticə indikatorları:
- innovasiyaları təşviq edən, investisiyaları cəlb edən
və cəmiyyətin maraqlarını qoruyan süni intellekt idarəetmə
sisteminin qurulması;
- süni intellektin təsirini artırmaq və resurslardan daha səmərəli
istifadəni təmin etmək üçün kənd təsərrüfatı, səhiyyə, nəqliyyat,
təhsil və digər prioritet sektorların müəyyən edilməsi;
- süni intellekt tətbiqlərində şəffaflığı, ədalətliliyi və etik
prinsiplərə uyğunluğu təmin etmək üçün hüquqi çərçivənin
hazırlanması və beynəlxalq standartlara uyğun milli normativ hüquqi
bazanın işlənilməsi və tətbiqi;
- süni intellekt ekosistemində qlobal səviyyədə Azərbaycan
Respublikasının mövqeyini gücləndirmək məqsədilə regional və
beynəlxalq tərəfdaşlıqların inkişaf etdirilməsi;
Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
- milli prioritet sektorların müəyyən edilməsi zamanı sektorların müəyyən edilməsində mübahisələr və ya resursların qeyribərabər bölgüsü baş verə bilər ki, bu da bəzi sahələrin digər sahələrə nisbətən daha az dəstək almasına və inkişafın qeyri-bərabər olmasına səbəb ola bilər. Bu riski neytrallaşdırmaq üçün, süni intellektin tətbiqi potensialı və tələblərini nəzərə alaraq, hər bir sektorda ətraflı təhlillər aparılacaq, mütəxəssislərin və ekspertlərin fikirləri, təklifləri əsasında prioritet sektorlar müəyyənləşdiriləcək, pilot layihələr həyata keçiriləcək və resurslar balanslı şəkildə bölüşdürüləcəkdir;
Məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi:
Əsaslandırma:
- məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi rəqəmsal transformasiyanın əsasını təşkil edərək, dövlət orqanları (qurumları) və özəl sektor üçün etibarlı, səmərəli və innovativ həllərin inkişafını təmin edəcəkdir. Məlumatların effektiv idarə olunması, açıq məlumatların genişləndirilməsi, yüksəksəviyyəli hesablama imkanlarının artırılması və Təbii Dil Emalı (bundan sonra – TDE) texnologiyalarının gücləndirilməsi süni intellektin və data əsaslı qərar qəbuletmənin inkişafına töhfə verəcəkdir;
Görüləcək tədbirlər:
- yüksəksəviyyəli hesablama infrastrukturunun
inkişafı;
- TDE üzrə istiqamətlərin gücləndirilməsi;
- məlumatlardan səmərəli və effektiv istifadə, onların
təhlükəsizliyinin və fərdi məlumatların mühafizəsinin təmin
edilməsi, məlumatyönümlü idarəetməyə keçidin təşkili;
Gözlənilən nəticə və nəticə indikatorları:
- Azərbaycan dilində TDE texnologiyalarının inkişaf etdirilməsi
və dilin qlobal rəqəmsal məkanda mövqeyinin gücləndirilməsi;
- süni intellekt alqoritmlərinin öyrədilməsi, modellərinin və
nümunələrinin təlimi və tətbiqi üçün yüksəksəviyyəli hesablama
infrastrukturunun inkişaf etdirilməsi;
- ictimaiyyətin süni intellekt mövzusunda bilik səviyyəsinin
artırılması;
Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
- yüksəksəviyyəli hesablama infrastrukturu və TDE
texnologiyalarının inkişafı zamanı maliyyə və texniki resurs
çatışmazlığı yarana bilər. Bu resursların kifayət qədər ayrılmaması
infrastrukturun təkmilləşdirilməsini məhdudlaşdıra, layihələrin
gecikməsinə və ya məhdud miqyasda icrasına səbəb ola bilər. Bu
riskin qarşısını almaq üçün investisiya imkanlarının
genişləndirilməsi, beynəlxalq və yerli donorlar, eləcə də
innovasiya və texnologiya fondlarından maliyyə cəlb edilməsi
nəzərdə tutulur;
- TDE sistemləri şəxsi və həssas məlumatlarla işləyə bilər, bu isə
məxfiliyin pozulmasına gətirib çıxarar. Bu problemin aradan
qaldırılması üçün məlumatların anonimləşdirilməsi, tənzimləyici
qaydalara uyğun məlumat emalı, şifrələmə texnologiyalarının tətbiqi
nəzərdə tutulur;
Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi:
Əsaslandırma:
-süni intellekt sahəsində ölkədə yüksəkixtisaslı kadr potensialının inkişafı və təkmilləşdirilməsi, prioritet sektorların tələblərinə uyğun şəkildə dövlət orqanlarının (qurumlarının) rəhbər heyəti və mütəxəssisləri üçün təlimlərin keçirilməsi, həmçinin süni intellekt və məlumat idarəetməsi üzrə tədqiqatların təşviq edilməsi ölkənin rəqəmsal inkişafının gücləndirilməsinə töhfə verəcəkdir. Bununla yanaşı, məsuliyyətli və etik süni intellekt tətbiqlərinin genişləndirilməsi və fərdi məlumatların qorunması ilə bağlı təlimlərin keçirilməsi ictimaiyyətin məlumatlılığını artıracaq, süni intellekt texnologiyaları ilə bağlı maariflənmə səviyyəsini möhkəmləndirəcək və müvafiq sahədə yerli bacarıqların inkişafını sürətləndirəcəkdir;
Görüləcək tədbirlər:
- ölkədə müəyyən edilmiş prioritet sektorlar üzrə
dövlət orqanlarının (qurumlarının) rəhbər heyəti üçün süni
intellekt və data təliminin təşkil edilməsi;
- süni intellekt və məlumat idarəetməsi üzrə kadr potensialının
gücləndirilməsi;
- süni intellekt və məlumat idarəetməsi üzrə təlimlərin təşkili və
keçirilməsi üçün müvafiq təlimçilərin hazırlanması, eləcə də cəlb
edilməsi;
- süni intellekt, xüsusilə məsuliyyətli və etik süni intellekt,
süni intellekt sistemlərinin tətbiqi zamanı fərdi məlumatların
mühafizəsi ilə bağlı ictimaiyyətin məlumatlılığının
artırılması;
- süni intellekt üzrə tədqiqatların təşviq edilməsi;
Gözlənilən nəticə və nəticə indikatorları:
- akademik və praktiki səviyyədə süni intellekt və data
elminə dair biliklərin artırılması və müvafiq təhsil proqramlarının
genişləndirilməsi;
- süni intellekt sahəsində mütəxəssislər hazırlanması və
qeyri-texniki rollar üçün səriştə standartlarının müəyyən
edilməsi;
- süni intellekt texnologiyalarının imkanları, riskləri və
faydaları barədə əhalinin məlumatlandırılması və texnologiyaya
inamın artırılması;
Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
- süni intellekt və məlumat idarəetməsi sahəsində
mütəxəssislərin hazırlanması, həmçinin dövlət orqanlarının
(qurumlarının) rəhbər heyətinin bu sahədə biliklərinin
təkmilləşdirilməsi üçün təşkil olunan təlim və inkişaf
proqramlarında təlimçilərin məhdud sayda olması və ya kifayət qədər
hazırlıqlı olmaması yerli kadrların bilik səviyyəsinin yüksəlməsinə
mane ola və sahəyə marağı azalda bilər. Bu riskin
neytrallaşdırılması və proqramların keyfiyyətinin artırılması
məqsədilə Süni İntellekt Akademiyasının yaradılması və nüfuzlu
xarici təhsil müəssisələri ilə əməkdaşlıq nəzərdə tutulur. Həmin
tədbirlər yerli kadr potensialını gücləndirəcək, sahəyə olan marağı
artıracaq və inkişafı sürətləndirəcəkdir;
- sənaye ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlıq və
əlaqələndirmənin zəif olması, sənaye sektorunun süni intellekt
texnologiyalarına maraq göstərməməsi nəticəsində peşəkar kadrların
bilik və bacarıqlarını real mühitdə tətbiq etmək imkanları
məhdudlaşa bilər ki, beləliklə də kadrların formalaşması və
inkişafı ləngiyər. Bundan əlavə, süni intellektdən biznesdə real
istifadəyə dair praktiki nümunələrin azlığı gənc mütəxəssislərin bu
sahəyə marağının azalmasına səbəb ola bilər. Bu riskin aradan
qaldırılması üçün yaradılması nəzərdə tutulan Süni İntellekt
Akademiyası, sənaye və dövlət orqanları (qurumları) arasında sıx
əməkdaşlığın qurulması və süni intellektin biznes üçün yaratdığı
imkanlar barədə geniş məlumatlandırma aparılması
planlaşdırılır;
- texnoloji infrastrukturun qeyri-kafi olması və innovasiya üçün
əlverişli mühitin yaradılmaması süni intellekt üzrə istedad və
bacarıqların təkmilləşdirilməsi qarşısında dayanan çox ciddi
risklərdən biridir. Süni intellektin effektiv tətbiqi üçün güclü və
müasir texnoloji infrastruktura ehtiyac vardır. Bu infrastrukturun
olmaması və ya zəif olması layihələrin uğurla icrasını çətinləşdirə
bilər. Bu riski neytrallaşdırmaq üçün süni intellektə uyğun
yüksəksəviyyəli hesablama infrastrukturunun inkişaf etdirilməsi və
müasirləşdirilməsi üçün əlavə sərmayələr qoyulması nəzərdə tutulur.
Həmçinin, texnoloji mühitin inkişafı məqsədilə pilot layihələrin
sənaye infrastrukturlarında real olaraq tətbiq edilməsi, innovasiya
mərkəzlərinin, Süni İntellekt Akademiyasının və laboratoriyaların
inkişaf etdirilməsi, startaplara dəstək proqramlarının təşkil
olunması planlaşdırılır;
Əlverişli biznes mühitinin yaradılması:
Əsaslandırma:
- əlverişli biznes mühitinin yaradılması sahəsində süni intellekt texnologiyalarının tətbiqi üzrə yerli və xarici investisiyaların cəlb edilməsi, sahibkarlıq subyektlərinə dəstək mexanizmlərinin genişləndirilməsi və texnologiya parklarında fəaliyyət göstərən rezidentlərin artırılması ölkənin rəqəmsal iqtisadiyyatını gücləndirəcəkdir. Bu tədbirlər süni intellekt sahəsində innovativ təşəbbüsləri stimullaşdıraraq iqtisadi mühitin inkişafına və işgüzar mühitin yaxşılaşdırılmasına töhfə verəcək, həm yerli, həm də xarici investorların marağını artıracaqdır. Beləliklə, ölkə üzrə süni intellekt texnologiyalarının istehsalı və tətbiqi sahəsində əhəmiyyətli irəliləyişə nail olunacaqdır;
Görüləcək tədbirlər:
- ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı
yerli və xarici investisiyaların cəlb edilməsi üçün tədbirlər
görülməsi;
- ölkə üzrə süni intellekt texnologiyalarının tətbiqi ilə bağlı
sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət
və digər dəstək mexanizmlərinin tətbiq dairəsinin
genişləndirilməsi;
- ölkə üzrə texnologiya parklarına və sənaye zonalarına süni
intellekt texnologiyalarının istehsalı ilə bağlı fəaliyyət göstərən
rezidentlərin cəlb edilməsi;
Gözlənilən nəticə və nəticə indikatorları:
- süni intellekt texnologiyalarına əsaslanan innovativ
startapların inkişaf etdirilməsi, mövcud innovasiya ekosisteminin
gücləndirilməsi və yeni iş yerlərinin yaradılması;
- Azərbaycanın süni intellekt sahəsində regional lider mövqeyinin
möhkəmləndirilməsi və qlobal rəqəmsal ekosistemdə tanınması ilə
bağlı fəaliyyətin gücləndirilməsi;
Gözlənilən risklər və onların neytrallaşdırılması tədbirləri:
- daxili bazarın kiçik olması və bu sahədə fəaliyyət
göstərən şirkətlərin yeni olması xarici investisiya marağını
azaldır. Bu riskin neytrallaşdırılması məqsədilə beynəlxalq
partnyorluqların genişləndirilməsi və xarici şirkətlərlə
əməkdaşlığın təşviqi nəzərdə tutulur;
- texnologiya parklarına və sənaye zonalarına süni intellekt
texnologiyalarının istehsalı üzrə fəaliyyət göstərən rezidentlərin
cəlb edilməsi zamanı uyğun biznes mühiti və infrastrukturun
olmaması süni intellektin inkişafını və tətbiqini ləngidə bilər. Bu
riskin qarşısını almaq üçün texnologiya şirkətləri ilə əməkdaşlıq
imkanlarının genişləndirilməsi nəzərdə tutulur.