...

Azərbaycanda 21 yaşına çatmış şəxslər mülki odlu silah əldə edə biləcəklər

Siyasət Materials 19 Mart 2025 17:06 (UTC +04:00)
Azərbaycanda 21 yaşına çatmış şəxslər mülki odlu silah əldə edə biləcəklər
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 21 yaşına çatmış şəxslər mülki odlu silah əldə edə biləcəklər.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununda öz əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasında on səkkiz yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının mülki silah (odlu silah istisna olmaqla), əldə edə bilərlər. Eyni zamanda, Azərbaycan Respublikasında iyirmi bir yaşına çatmış vətəndaşların mülki odlu silah əldə edə bilərlər.

Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsində də dəyişiklik edilib. Belə ki, 228-ci maddə (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) yeni redaksiyada verilib.

Dəyişikliyə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd olunan əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə – üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələri və qurğuları satma – dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; təkrar törədildikdə; mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə – beş ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla – üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edilir ki, bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti