Bakı. Trend:
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb.
Trend xəbər verir ki, bəyanatda bildirilib:
"Bu gün, radikal erməni qruplaşmaları tərəfindən ötən əsrdə dinc
azərbaycanlılara qarşı törədilmiş ən böyük soyqırımlardan biri
olan, minlərlə həmvətənimizin etnik və dini zəmində amansızlıqla
qətlə yetirildiyi 1918-ci il mart soyqırımından 107 il ötür. 31
Mart – Azərbaycanlıların Soyqırımı Günündə faciəvi hadisələrin
günahsız qurbanlarının xatirəsini dərin hörmət və ehtiramla yad
edirik.
Azərbaycanlılara qarşı sistematik etnik təmizləmə və soyqırımı
siyasətinin tərkib hissəsi olan bu qırğınlar zamanı Qafqazın
Fövqəladə Komissarı, milliyyətcə erməni olan Stepan Şaumyanın
özünün də etiraf etdiyi kimi Bakı Sovetinin 6000 və “Daşnaksutyun”
partiyasının 4000 silahlı əsgəri tərəfindən planlı şəkildə
“əksinqilabçılarla mübarizə” adı altında bir sıra, o cümlədən Bakı,
Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan
bölgələrində dinc azərbaycanlıların xüsusi amansızlıqla qətli
həyata keçirilib. Kütləvi qırğınlar nəticəsində, təkcə Qubada
xüsusi qəddarlıqla 16.000-dən artıq insan qətlə yetirilib, 167 kənd
məhv edilib.
On minlərlə həmvətənimizin qətlə yetirildiyi bu qətliam zamanı
azərbaycanlılara aid olan mədəni, dini abidələr, məscid və
qəbristanlıqlara qarşı törədilən vəhşiliklər baş verənlərin etnik
nifrət və dözümsüzlük cinayəti olmasının sübutudur.
Azərbaycan Xalq Cümhuriyyətinin əsasının qoyulmasından sonra
hadisələrin tədqiqi, habelə dünya ictimaiyyətinə çatdırılması
məqsədilə xüsusi təsisatların yaradılmasına, 31 mart tarixinin
ümummilli matəm günü kimi qeyd edilməsinə baxmayaraq, Cümhuriyyətin
süqutu bu cinayətə siyasi-hüquqi qiymətin verilməsinə mane
olub.
Müstəqilliyimizin bərpasından və Ulu Öndər Heydər Əliyevin
ölkəmizdə hakimiyyətə qayıtmasından sonra 26 mart 1998-ci il
tarixində imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında”
Fərmanla baş verənlərə siyasi qiymət verilib.
XX əsrin əvvəlində törədilən qırğınların əsasında duran etnik
nifrət və dözümsüzlük siyasəti əsrin sonunda azərbaycanlıların
indiki Ermənistan ərazilərindən kütləvi deportasiyası, münaqişə və
işğal dövründə xalqımıza qarşı törədilən qətliamlar, Xocalı
soyqırımı kimi insanlıq əleyhinə cinayətlər, habelə 2020-ci ildə 44
günlük Vətən müharibəsi zamanı dinc insanlara qarşı müharibə
cinayətləri ilə davam etdirilib.
Hazırkı postmünaqişə dövründə bölgənin tarixinə düşən bu qanlı
səhifələrin birdəfəlik çevrilməsi, dayanıqlı və dönməz sülhün
bərqərar edilməsi üçün tarixi imkanların mövcudluğuna baxmayaraq,
bugünədək baş verən bütün dəhşətlərin əsasında dayanan və
Ermənistan konstitusiyası daxil olmaqla, bir sıra qanunvericilik
aktlarında təsbit olunan ərazi iddialarının hələ də qalmaqda davam
etməsi regionun sabit gələcəyi üçün ən böyük əngəl və narahatlıq
mənbəyidir.
Bu baxımdan, Azərbaycan törədilən cinayətlərin günahkarlarının
hüquqi məsuliyyətə cəlb edilməsi üçün milli və beynəlxalq səylərini
davam etdirməklə yanaşı, bölgədə dayanıqlı sülhün qurulması üçün
Ermənistanın ölkəmizə qarşı davam edən ərazi iddialarına son
qoyulması tələbində qəti və dönməzdir.
31 Mart – Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və
soyqırımına məruz qalan günahsız azərbaycanlıların əziz xatirəsini
dərin hüzn və ehtiramla yad edirik. Allah rəhmət eləsin"!