Pekin. Trend:
Çin Orta Dəhlizi Avrasiya və Avropa ölkələri ilə ticarət marşrutlarının şaxələndirilməsi üçün uzunmüddətli strateji alternativ kimi nəzərdən keçirir.
Trend xəbər verir ki, bunu Çin Beynəlxalq Tədqiqatlar İnstitutunun Amerika tədqiqatları şöbəsinin köməkçi tədqiqatçısı Kan Cie Pekində jurnalistlərə açıqlamasında bildirib.
“Biz Orta Dəhzili sırf ticarət yolu və ya sadə nəqliyyat marşrutu kimi nəzərdən keçirmirik. Bizim üçün bu gələcək sənaye kəməridir, ümumi inkişaf kəməridir”, - deyə ekspert vurğulayıb.
K. Cienin sözlərinə görə, son iki il ərzində bərpaolunan enerj sahəsində Çin və Azərbaycanın birgə layihələrinin kəmiyyətində artım müşahidə olunur.
“Çin istehsalat sektorunda əhəmiyyətli üstünlüklərə sahibdir. Eyni zamanda, Azərbaycan və regionun başqa ölkələri yenidən sənayeləşdirmə, “yaşıl” keçid və rəqəmsal transformasiya kimi strategiyaları həyata keçirirlər”, - deyə o bildirib.
Kan Cie əminliklə bildirib ki, gələcəkdə “Bir kəmər, bir yol” təşəbbüsünün Orta Dəhliz konsepsiyası ilə inteqrasiyası Çinin region ölkələri ilə sənaye inkişafı sahəsində, xüsusilə istehsal güclərinin müasirləşdirilməsi baxımından əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.