Bakı. Trend:
Azərbaycan üçün Avropa İttifaqı əsas ticarət tərəfdaşıdır.
Trend xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə birgə mətbuat konfransı zamanı deyib.
"Azərbaycan Respublikası üçün Avropa İttifaqı əsas ticarət tərəfdaşıdır. 2024-cü ilin yekunları üzrə bizim ticarət dövriyyəmiz təxminən 20 milyard ABŞ dolları təşkil edib. Azərbaycan uzun illər ərzində Avropa İttifaqı üçün bir sıra istiqamətlər üzrə etibarlı və hər zaman proqnozlaşdırıla bilən bir tərəfdaş olub. Bunların sırasında biz enerji əməkdaşlığını ilk olaraq eyd edə bilərik. Uzun illər ərzində Azərbaycan Avropa İttifaqı ölkələri üçün etibarlı xam neft təchizatçısı olub. Daha sonra Cənub Qaz Dəhlizinin ikinci fazasının yekunlaşdırılması - Trans-Adriatik Boru Kəmərinin tikintisinin başa çatdırılması ilə 2020-ci ilin sonlarından başlayaraq ilk dəfə olaraq Xəzər bölgəsindən Avropa ölkələrinə qaz təchizatına start verilib", - C.Bayramov deyib.
Onun sözlərinə görə, növbəti illərdə, xüsusilə, Ukrayna müharibəsi başlayandan sonra Avropa ölkələrindən olan müraciətlərə əsasən əhəmiyyətli şəkildə Azərbaycandan Avropa bazarına qaz təchizatı artırılıb.
"Bu gün Azərbaycanın qaz təchizatı coğrafiyası 12 ölkədən ibarətdir. Onlardan 10-u Avropa ölkəsədir və həmin 10 ölkədən 8-i Avropa İttifaqının üzvüdür. Bu gün bu istiqamətdə mövcud olan əməkdaşlıq və eyni zamanda perspektivlər barədə fikir mübadiləsi apardıq", - o bildirib.