...

Hindistan Pakistana qarşı ədalətsizliyini davam etdirir - ŞƏRH

Siyasət Materials 1 May 2025 20:20 (UTC +04:00)
Hindistan Pakistana qarşı ədalətsizliyini davam etdirir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistan-Pakistan arasında yaranan gərginlik dünya və Avrasiyanın orta xəttində böyük dəyişikliklərə gətirib çıxara bilər.

Bunu Trend-ə açıqlamasında Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

O bildirib ki, amma iki dövlət arasında yaşananlarda xarici izlər də var:

"Həmin qüvvələr hər iki ölkədən öz maraqları üçün istifadə etmək istəyirlər. Bu gərginlikdə Amerika Birləşmiş Ştatları və Çinin məsələyə yanaşması da maraqlı olacaq. Çinlə Pakistan tərəfdaşdırlar. Çin Xarici İşlər Nazirliyi tərəfindən pakistanlı kolleqasına zəng edilməsi də onu göstərir ki, Rəsmi Pekin bu məsələlərə ciddi yanaşır. Terror olan ərazinin yaxınlığından Çin üçün strateji yollar keçir. Bu yolların müdafiəsi və təhlükəsizliyin təminatı Çin üçün vacibdir. Bu da Çinin mümkün müharibəyə müdaxilə etmə imkanını artırır. Digər tərəfdən iki ölkə arasında olan gərginlik Çinin sərhəd təhlükəsizliyinə təsir edən məqamlardandır".

Ekspert qeyd edib ki, hazırda Hindistanda hakimiyyətdə olan insan müsəlmanlara qarşıdır.

"Narendra Modi islam ölkələrinə qarşı birmənalı siyasəti ilə seçilməyən şəxsdir. Bu da olduqca vacib amillərdəndir. Lakin böyük müharibənin baş verəcəyini gözləmək olmaz", - deyə o qeyd edib.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Tural İsmayılov isə Trend-ə açıqlamasında bildirib ki, Hindistan ilə Pakistan arasında gərginlik bütün dünya üçün çox ciddi risklər, təhlükələr ehtiva edir.

"Nəzərə almaq lazımdır ki, həm dünyada əhali sayına görə bu iki ölkə ciddi resursa malikdir, həm də eyni zamanda, hərbi sənaye məhsullarına görə Pakistanın Hindistandan qlobal sahədə böyük üstünlükləri mövcuddur. Hər iki ölkə də nüvə ölkəsidir. Bütün bunlar dünya üçün baş verə biləcək bir Hindistan-Pakistan müharibəsinin çox böyük bir gərginliyə səbəb olması ilə bağlı narahatlıqlar yaradır. Digər bir məqam isə ondan ibarətdir ki, bu gün Kəşmir məsələsi ətrafındakı problem də beynəlxalq hüquq baxımından lazımi qaydada həll edilmir. Bu problemin həlli üçün hansısa dəstək göstərilmir. Əhalisinin əksəriyyətinin müsəlman olduğu Kəşmirin Hindistan tərəfindən Canmo Kəşmir adlanan bölgəsi mövcuddur. Eyni zamanda, Pakistan da azad Kəşmir adlandırdığı hissəyə nəzarət edir və tez-tez Kəşmir böhranı səbəbindən bu iki ölkə qarşı-qarşıya gəlir", - o əlavə edib.

T.İsmayılov qeyd edib ki, Hindistan Pakistana qarşı ədalətsizliyini müxtəlif dövrlərdə davam etdirdiyi kimi/, yenə də davam etdirir.

"Çünki Pakistanın özü terrorizmdən əziyyət çəkən bir ölkədir. Və həmişə beynəlxalq birliyə, beynəlxalq terrorizmə qarşı mübarizədə çağırışlar edir. Buna baxmayaraq bu çağırışlara adekvat reaksiyalar verilmir. Hindistanın turistlərə qarşı baş vermiş terror hadisəsini həmin hadisənin baş verməsinin yarım saat sonra heç bir araşdırma etmədən Pakistanın üzərinə yıxmağa çalışması onu göstərir ki, Hindistan 2027-ci ildə keçiriləcək seçkilər öncəsi Pakistandan düşmən obrazını daha da radikallaşdırmaq və bundan istifadə edərək bunu bir müharibəyə çevirməyə çalışır. Bu baxımdan da Hindistan və Pakistan arasında hansısa bir hərbi qarşıdurmanın baş vermə ehtimalları qlobal aləmdə tətikdə olmalıdır", - deyə o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti