...

Nazir müavinindən deputatın sualına cavab: Hindistan kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan normallaşma prosesinə diqqətlə yanaşmalıdır

Siyasət Materials 14 May 2025 14:29 (UTC +04:00)
Nazir müavinindən deputatın sualına cavab: Hindistan kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan normallaşma prosesinə diqqətlə yanaşmalıdır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın nüfuzu dünyada sürətlə artır. Xüsusilə COP29, Qoşulmama Hərəkatının sədrliyi dövründə və digər çoxtərəfli diplomatiya sahələrində ölkənin hörməti çox artıb. Bu, azərbaycanlı diplomatların nailiyyətidir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Fariz İsmayılzadə komitənin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, Azərbaycan dünyada bir-biri ilə düşmən olan, rəqabət aparan ölkələr arasında çox incə balans seçməyi bacarır.

“Məsələn, İran və İsrail arasında balanslı siyasət aparırıq. Hər iki ölkə ilə kifayət qədər yaxşı əlaqələrimiz var. Qərb ölkələri ilə Rusiya arasında da rəqabət var. Çalışırıq ki, hər iki ölkə ilə dostluq münasibətlərini qoruyaq. Hətta Ukraynadakı problem kimi incə məsələdə də biz balans seçməyi bacarmışıq”.

Deputat bildirib ki, lakin Hindistan-Pakistan məsələsində o balansı tapa bilməmişik.

“Nəzərə alsaq ki, gündən-günə, ildən-ilə Hindistanın iqtisadi, siyasi, hərbi gücü artır, biz bu barədə düşünməliyik. Çünki bu siyasət artıq gəlib Cənubi Qafqaza da çatıb. Hindistanın Ermənistana verdiyi dəstək, silahlandırma, raket və digər avadanlıqların göndərilməsi bizim üçün milli təhlükəsizlik problemi yaradır. Azərbaycanın Hindistanla bağlı gələcək baxışları nə olacaq?”, - deyə F.İsmayılzadə sual ünvanlayıb.

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev onun sualına cavabında deyib ki, dünyada baş verən münaqişələrə münasibətdə Azərbaycanın müşahidə edilən balanslı mövqeyi beynəlxalq hüquq və ədalət prinsipinə əsaslanır.

“Bu məsələ Pakistan və Hindistan arasındakı məsələyə də aiddir. Bu yaxınlarda Azərbaycanın da bu məsələ ilə bağlı bəyan etdiyi mövqe də məhz beynəlxalq hüquq və ədalət prinsipinə əsaslanır. Hindistanın Ermənistanla olan münasibəti, silahların ötürülməsi məsələsi də var. Xüsusilə kövrək dönəmdən keçən Azərbaycan-Ermənistan normallaşma prosesində Hindistan və digər üçüncü tərəflər məsələyə xüsusi diqqətlə yanaşmalıdır.

Burada bizim Hindistan və digər bütün dövlətlərdən gözləntimiz odur ki, bu prosesə xələl gətirə biləcək hansısa konkret addımlar atılmasın. Hindistan çox vacib, həm iqtisadi, həm də siyasi mövqeyi baxımından inkişaf etməkdə olan ölkədir.

Azərbaycan hər zaman Hindistanla münasibətlərinə dəyər verib. BMT nimzannaməsində də əks olunan suveren bərabərlik prinsipinə çox böyük əhəmiyyət kəsb edir. Gərək hər iki dövlət bu məsələyə diqqətlə yanaşaraq münasibətlərini qursun”, - deyə nazir müavini qeyd edib.

Xəbər lenti

Xəbər lenti