Budapeşt. Trend:
Azərbaycan və Macarıstanın əməkdaşlığı bütün əsas istiqamətləri ehtiva edir.
Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bunu Budapeştdə jurnalistlərə Macarıstanın Beynəlxalq Münasibətlər və Ticarət İnstitutunun aparıcı elmi işçisi, iqtisadçı-ekspert, professor Laşlo Vasa bildirib.
“Azərbaycan və Macarıstan münasibətləri ən yüksək səviyyədə – həm strateji, həm də digər əməkdaşlıq formatlarında davam etdirir. Əməkdaşlığımız yalnız iqtisadiyyatı deyil, həm də mədəniyyəti, ali təhsili və elmi əhatə edən bütün əsas istiqamətləri ehtiva edir. Üstəlik, ölkələrimiz arasında birbaşa hava əlaqəsinin açılması ilə birgə layihələrin aktivləşməsi və təmasların genişlənməsi müşahidə olunur”, – deyə o bildirib.
L.Vasa qeyd edib ki, Macarıstan təkcə Azərbaycan üçün deyil, bütövlükdə Mərkəzi Asiya regionu üçün də dost ölkə sayılır.
"Sabit və əlverişli mühit həm Macarıstanın özündə, həm də Azərbaycanda və region ölkələrində sahibkarlığın inkişafına töhfə verir.
Biz fəxr edirik ki, macar investorlar Azərbaycanda uğurla fəaliyyət göstərirlər – təkcə mədənçıxarma sahəsində deyil, həm də istehsalat, logistika sahələrində, eləcə də, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən bərpa layihələrində iştirak edirlər”, – deyə o əlavə edib.