Bakı. Trend:
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev mayın 21-də Dağıstan Respublikası Hökuməti sədrinin müavini Rizvan Qazimaqomedov ilə görüşüb.
Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Rusiya arasında əməkdaşlıq çərçivəsində, Rusiya Federasiyasının müxtəlif regionları, xüsusilə də ortaq tarixi və mədəni dəyərlərlə bağlı olan Azərbaycan-Dağıstan münasibətlərinin xüsusi önəm daşıdığı vurğulanıb.
Həmçinin, Azərbaycan və Dağıstan arasında əməkdaşlıq münasibətlərinin ticarət-iqtisadi, nəqliyyat-logistika, sənaye kooperasiyası, kənd təsərrüfatı və aqrar sənaye, eləcə də humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu.
Görüşdə həmçinin 2023-2025-ci illər üzrə Əməkdaşlığın əsas istiqamətlərinin inkişafına dair Tədbirlər Planının icrası müzakirə olunaraq, əməkdaşlığın genişləndirilməsi məqsədilə perspektivli istiqamətlər üzrə fikir mübadiləsi aparıldı.