...

Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 27 May 2025 15:30 (UTC +04:00)
Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib (FOTO) (YENİLƏNİB)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

27 may 2025-ci il tarixində Bakıda Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) Tədqiqat Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Trend xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş səfirlər, BMT qurumlarının rəsmiləri, tanınmış alim və tədqiqatçılar iştirak edib.

Tədbir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) dəstəyi ilə fəaliyyət göstərəcək Tədqiqat Mərkəzinin açılış lentinin kəsilməsi ilə başlayıb.

Qonaqları açılış nitqi ilə salamlayan Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev QHGT Tədqiqat Mərkəzinin gənclərin prioritet və perspektivlərini ön planda saxlayaraq onların qlobal problemlərin həllində mənalı iştirakına mühüm töhfələr verəcəyini qeyd edib. Nazir müavini Qoşulmama Hərəkatına üzv ölkələrin gənc tədqiqatçılarının elmi-texniki potensialının artırılmasında QHGT Tədqiqat Mərkəzinin vacib rol oynayacığını vurğulayıb. Daha sonra, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Vladanka Andreeva çıxış edərək dayanıqlı inkişaf sahəsində gənclərin iştirakına yönəlmiş bilik və təcrübə mübadiləsinin önəmindən bəhs edib.

QHGT-nin sədri və COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova Tədqiqat Mərkəzinin Qoşulmama Hərəkatı gənclərinin ideyalarını biliyə çevirərək onların səsinin qlobal arenaya çatdıran bənzərsiz bir platforma olacağını qeyd edib. QHGT-nin Beynəlxalq əlaqələr və Təqdiqat Mərkəzi üzrə koordinatoru Səma Bağırovanın moderatorluğu ilə davam edən tədbirdə QHGT-nin fəaliyyət dövrü ərzində həyata keçirdiyi layihələrini əks etdirən video çarx nümayiş olunub və Tədqiqat Mərkəzinin meneceri Kamilla Məmmədova tərəfindən Mərkəzin əsas istiqamətləri və o cümlədən, illik fəaliyyət planı barəsində təqdimat verilib.

Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli COP29 tədbirinin davamı olaraq, QHGT-nin Tədqiqat Mərkəzi cari ildə ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi və su resurslarının səmərəli idarə olunması sahələrində innovativ yanaşmaları və onların tətbiqi imkanlarını araşdırır. Tədbir çərçivəsində mərkəzin gələcək fəaliyyət istiqamətləri, planlaşdırılan elmi tədqiqatların prioritet sahələri və əməkdaşlıq imkanları da müzakirə olunub. Qonaqlara QHGT-nin nəzdində fəaliyyət göstərən Tədqiqat Mərkəzinin kitabxanası və müxtəlif resursları ilə bağlı məlumat verilib.

Tədbir zamanı, həmçinin Qoşulmama Hərəkatı Gənclər Təşkilatının rəsmi internet səhifəsinin təqdimatı keçirilib. İnternet səhifəsi QHGT-nin fəaliyyət istiqamətləri ilə bağlı dolğun məlumat bazası olmaqla yanaşı, təşkilat barədə yeniliklərin aydın və operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti