Bakı. Trend:
Laçında keçirilən üçtərəfli zirvə görüşü dostluq, qardaşlığın parlaq təzahürü idi. Üç liderin Laçın görüşü həm regional, həm qlobal miqyasda bir çox vacib mesajları çatdırmış oldu.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan dünyaya Şərqi Zəngəzur, füsunkar Laçın, işğaldan azad olunmuş ərazilərin bərpasını, yenidən qurulmasını, görülən işlərin miqyasını nümayiş etdirdi:
“Liderlər bütün sahələrdə - siyasi hərbi, iqtisadi, humanitar sahələrdə birgə qarşılıqlı faydalı əməkdaşlığı təbliğ etdilər. Dostlar sevinir, gözü götürməyənlər isə narahatdırlar. Çünki bu birlik dostluqla bərabər, düşmənə də göz dağıdır. Hindistanın xəbər saytlarının tez-tələsik Ermənistan və digər dövlətlərlə birlik yaratmağa çağırması və narahatlıq keçirməsi dediklərimizə bariz nümunədir. Düşünürük ki, Laçın zirvə görüşü zaman keçdikcə öz bəhrəsini verəcək və bu möhtəşəm hadisə hər üç ölkənin tarixinə qızıl hərflərlə yazılacaq”.
