Bakı. Trend:
İyulun 16-17-də Türkmənistan Xalq Məsləhətinin sədri, ölkənin sabiq prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana rəsmi səfəri və ardınca Prezident İlham Əliyevlə birgə Qarabağa - Füzuli və Şuşaya səfəri Azərbaycan-Türkmənistan münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqlədi. Bu səfər təkcə iki dövlətin liderləri arasında dostluğun təcəssümü deyil, həm də ümumilikdə tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrin getdikcə daha da dərinləşdiyini göstərir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Azərbaycanla Türkmənistanı minilliklərə söykənən ortaq türk kimliyi, dil, din və ənənələr birləşdirir. Hər iki xalqın ortaq etnik kökləri, mədəni irsi, folkloru və klassik ədəbiyyatı bu gün də qarşılıqlı anlaşma və əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Mədəni sahədə əməkdaşlıq son illərdə daha da fəallaşıb. Azərbaycanda keçirilən Türkmən mədəniyyəti günləri, Türkmənistanda təşkil olunan Azərbaycan mədəni irsinə həsr edilmiş tədbirlər, muzeylər və arxivlər arasında təmaslar bu yaxınlığın ifadəsidir. Berdiməhəmmədovun Şuşada Qarabağın simvollarına — Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş heykəllərinə, eləcə də, Bülbülün ev-muzeyinə baş çəkməsi bu mənada simvolik addımdır — bu, həm də bir türk qardaşının Azərbaycanın yaralı yaddaşına göstərdiyi ehtiramdır", - o bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan hər zaman bir-birinin müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşıb və dəstəkləyib.
"Türkmənistan Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinə maraq göstərən ilk türk dövlətlərindən biri də məhz Türkmənistan oldu. Berdiməhəmmədovun bu günlərdə Füzuli və Şuşaya səfəri bu dəstəyin canlı sübutudur. İki lider – Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında formalaşmış şəxsi dostluq əlaqələri dövlətlərarası münasibətlərə də çox müsbət təsir edir. Berdiməhəmmədovun səfəri çərçivəsində Şuşada Cıdır düzündə “Dostluq” adlı Qarabağ atının ona hədiyyə edilməsi də önəmli hadisə oldu. Bu, həm simvolik, həm də diplomatik anlam daşıyır: Qarabağ atı - Azərbaycanın milli sərvətidir və türkmən liderə hədiyyə edilməsi türk birliyinin qardaşlıq ruhunu bir daha vurğuladı", - o bildirib.
A.Qarayev qeyd edib ki, Azərbaycan və Türkmənistan arasında enerji sahəsində də əməkdaşlıq xüsusilə diqqətəlayiqdir.
"Son illərdə Xəzər dənizindəki “Dostluq” yatağının birgə işlənməsi ilə bağlı əldə olunan razılaşma iki ölkənin enerji əməkdaşlığında dönüş nöqtəsi oldu. Bu layihə təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyətə malikdir: iki Xəzəryanı ölkənin əməkdaşlığı regionda yeni əməkdaşlıq formatlarının və nəqliyyat marşrutlarının formalaşmasına yol açır.
Bununla yanaşı, nəqliyyat-logistika sahəsində, xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində əməkdaşlıq daha da güclənməkdədir. Türkmənistan limanları ilə Azərbaycan vasitəsilə Avropa bazarlarına çıxış imkanları, Azərbaycan üzərindən yükdaşımaların artması hər iki ölkənin iqtisadi strategiyalarına uyğundur. Eyni zamanda, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar sahəsində də birgə layihələr üzrə danışıqlar aparılır", - o bildirib.
Politoloq qeyd edib ki, Azərbaycan və Türkmənistan həm BMT, həm də Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı (TDT) kimi qurumlar çərçivəsində sıx əməkdaşlıq edir. Türkmənistanın neytral statusuna uyğun olaraq regionda sabitlik və əməkdaşlığın təşviqində oynadığı rol Azərbaycanın təşəbbüsləri ilə üst-üstə düşür. Xüsusilə Türk Dövlətləri Təşkilatı daxilində iki ölkənin daha aktiv və çevik koordinasiyası türkdilli dövlətlərin inteqrasiyasını gücləndirir.
"Qurbanqulu Berdiməhəmmədovun Füzuli və Şuşaya səfəri protokoldan çox daha artıq məna kəsb edir. Bu, həm dostluğun konkret ifadəsi, həm də regiona ünvanlanan siyasi mesajdır: Qarabağ artıq Azərbaycanın nəzarətindədir və bu ərazilər bərpa olunur, dirçəlir. Şuşadakı “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq, Yuxarı Gövhər Ağa məscidi, yeni inşa edilən Şuşa məscidi, Mehmandarovların malikanəsi və digər məkanlara baş çəkmək həm Azərbaycan tarixinin dərinliklərinə hörmətdir, həm də mədəni dirçəlişə verilən önəmin göstəricisidir. Bu səfər türkmən xalqının da Azərbaycanın ədalətli mövqeyinə dəstək verdiyini göstərdi", - o bildirib.
A.Qarayev vurğulayıb ki, Azərbaycan və Türkmənistan münasibətləri strateji, dostluq və qardaşlıq üzərində qurulmuş nadir əlaqələrdəndir.
"İkitərəfli əməkdaşlıq artıq yalnız rəsmi sənədlərlə yox, liderlərin birgə səfərləri, simvolik jestləri və xalqlararası yaxınlıqla ifadə olunur. Berdiməhəmmədovun Qarabağa səfəri bu münasibətlərin emosional və strateji dərinliyini bir daha nümayiş etdirdi. Gələcəkdə Xəzərin iki sahilində yerləşən bu iki türk dövləti birgə layihələrlə daha sıx inteqrasiyaya doğru irəliləyəcəklər", - politoloq əlavə edib.