Bakı. Trend:
BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri,
Ermənistan Respublikası ilə iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım olan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Bu tarixi nailiyyət cəsarət, müdriklik və region xalqları üçün sülh, sabitlik və əməkdaşlığın gələcəyinin formalaşdırılmasına sadiqlik nümayiş etdirir. Həmçinin beynəlxalq ictimaiyyətə vacib mesaj verir ki, dialoq və diplomatiya hətta ən mürəkkəb problemlərin həlli üçün ən güclü vasitə olaraq qalır.
Siz bu önəmli yolda irəliləyərkən əminliyimi bildirirəm ki, Birgə Bəyannamə etimadın qurulması, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və Cənubi Qafqazda inkişaf və firavanlıq üçün yeni imkanların açılmasında əsas rol oynayacaqdır.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında münasibətlərdə yeni səhifənin açılması məsələsində dəstək və əməkdaşlığa sadiq qalır.
Zati-aliləri, ən səmimi təbriklərimi və göstərilən səylərin davamlı uğuru ilə bağlı ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm."