...

Prezident İlham Əliyev Şərqlə Qərbi birləşdirir – Zəngəzur dəhlizi Mərkəzi Asiyanın nəqliyyat imkanlarını necə dəyişəcək?

Siyasət Materials 22 Avqust 2025 08:00 (UTC +04:00)
Prezident İlham Əliyev Şərqlə Qərbi birləşdirir – Zəngəzur dəhlizi Mərkəzi Asiyanın nəqliyyat imkanlarını necə dəyişəcək?
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan inamla Şərq ilə Qərb arasında əsas tranzit və enerji qovşağına çevrilir – bu transformasiyanın arxasında Prezident İlham Əliyevin şəxsi strategiyası dayanır. Onun qətiyyəti və sistemli fəaliyyəti nəticəsində ölkə nəqliyyat və enerji imkanlarını güclü regional təsir alətinə çevirə bilib. Bu gün Bakı sadəcə bir bağlantı nöqtəsi deyil, Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən etibarlı körpü rolunu oynayır və bütün tərəflər üçün faydalı olan yeni əməkdaşlıq modelini təmin edir.

Xüsusilə Özbəkistanla tərəfdaşlıqda əldə olunan uğurlar diqqətəlayiqdir. Azərbaycan və Daşkənd sənaye, rəqəmsal iqtisadiyyat, yaşıl enerji və təhsil sahələrini fəal inkişaf etdirirlər. Birgə istehsalatlar, Orta Dəhliz vasitəsilə nəqliyyat-logistika layihələri, ikili diplom proqramları və elmi tədqiqatlar inteqrasiya üçün unikal platforma yaradır. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb ki, Azərbaycan regionda strateji körpüyə çevrilib və Prezident İlham Əliyevin Cənubi Qafqazla Mərkəzi Asiyanın yaxınlaşmasındakı şəxsi töhfəsini yüksək qiymətləndirmək lazımdır.

Türkmənistanla əməkdaşlıq da eyni dərəcədə dinamik inkişaf edir. Energetika əsas hərəkətverici qüvvə olaraq qalır: “Dostluq” üzərində birgə iş, İran üzərindən qaz mübadiləsi və birbaşa alışlar – təkcə 2025-ci ilin əvvəlindən Bakı Aşqabaddan 155 milyon kubmetrdən çox qaz alıb, məbləği 23,3 milyon dollar təşkil edib. Logistika, siyasi koordinasiya, humanitar layihələr – bütün bu istiqamətlər ikitərəfli əlaqələri tədricən möhkəm və qarşılıqlı faydalı sistemə çevirir.

Ölkənin tranzit imkanları sürətlə artır. Son 20 ildə Azərbaycanda 21 mindən çox kilometr yol, 1500 kilometrdən çox dəmir yolu, yüzlərlə körpü və tunel tikilib və yenidən qurulub. Bakı-Tbilisi-Qars dəmir yolu, Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi və Orta Dəhliz, Bakı dəniz limanı kimi genişmiqyaslı layihələrin icrası Xəzər üzərindən və Avropaya yük axınları üçün yeni üfüqlər açır. Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünə yatırımlara görə Çindən sonra ikinci ölkə olub və Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu xəttinin dəstəklənməsi bu potensialı daha da gücləndirir.

Ən mühüm strateji təşəbbüslərdən biri Zəngəzur dəhlizidir. Bu strateji layihə məhz Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində mümkün olub. Əvvəllər konseptual səviyyədə olan layihə bu gün reallığa çevrilir: Azərbaycanın tərəfində dəmir yolu demək olar hazırdır və 2026-cı ilin yazına qədər illik ilkin yükdaşıma gücü 15 milyon ton təşkil edəcək. Bu layihə təkcə regionun nəqliyyat bağlılığını gücləndirmir, həm də Azərbaycanın iqtisadi və enerji sabitliyinin etibarlı mərkəzi rolunu simvolizə edir.

Prezident İlham Əliyevin bu proseslərdə şəxsi rolu açıq şəkildə görünür: onun strateji baxışı, fəal diplomatiyası və genişmiqyaslı layihələri reallaşdırmaq bacarığı Azərbaycanı sadəcə regional proseslərin iştirakçısı yox, yeni inteqrasiya standartlarını müəyyənləşdirən hərəkətverici qüvvəyə çevirir. Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri üçün əsas körpü rolunu oynayaraq, onlara Avropa və dünya bazarlarına çıxış üçün etibarlı marşrutlar, müasir nəqliyyat və enerji zəncirlərinə giriş imkanı təqdim edir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr – Orta Dəhliz və Zəngəzur marşrutundan tutmuş birgə enerji və infrastruktur təşəbbüslərinə qədər – regionun kompleks inteqrasiyası üçün möhkəm təməl yaradır.

Xəbər lenti

Xəbər lenti