Bakı. Trend:
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının 12-ci zirvə toplantısı türk dövlətlərinin inteqrasiyası baxımından mühüm addım olub.
Trend xəbər verir ki, bunu TDT-nin baş katibinin müavini Merey Mukajan “Halal Business Forum” forumunda bəyan edib.
O, regionun İslam irsinin, tarixi şəhərlərinin və əsrlərlə formalaşmış qonaqpərvərlik ənənələrinin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, bu dəyərlər halal turizmi TDT-yə üzv və müşahidəçi ölkələr arasında təbii və güclü əməkdaşlıq sahəsinə çevirir.
M.Mukajanın sözlərinə görə, etik, dayanıqlı və ictimai prinsiplərə əsaslanan halal sənayesi təkcə iqtisadi imkanlar yaratmır, həm də mədəni dayanıqlığı və mənəvi aydınlığı təmin edir.
Əsas təşəbbüslər arasında o, “Tabarruk Ziyarət” layihəsini qeyd edib. Bu layihə məscidlər, karvansaraylar və digər tarixi əhəmiyyətli obyektlər daxil olmaqla, yeddi ölkədə yerləşən 27 görməli yeri birləşdirir.
O, həmçinin Şərq və Qərbi birləşdirən mədəni və sivilizasiya xəzinələrini nümayiş etdirən “Turkic Silk Road” (Türk İpək Yolu) təşəbbüsünü də xüsusi vurğulayıb.