Bakı. Trend:
Hər bir müstəqil dövlətin siyasi, hüquqi və mənəvi dayağı onun Konstitusiyasıdır. Dövlətin quruluşu, idarəetmə prinsipləri, vətəndaşların hüquq və azadlıqları, cəmiyyətin inkişaf istiqamətləri məhz əsas qanunla müəyyən olunur. Azərbaycan Respublikasının Konstitusiyası da xalqımızın dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik sənəddir və onun qəbul olunduğu 12 noyabr tarixi hər il Konstitusiya Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul olunmuşdur. Bu mühüm hadisə ölkəmizin suverenlik tarixində yeni bir mərhələ açdı. Azərbaycan xalqı öz iradəsini sərbəst şəkildə ifadə edərək, demokratik, hüquqi və dünyəvi dövlətin təməl prinsiplərini təsdiqlədi.
Yeni Konstitusiya Azərbaycan Respublikasının dövlət müstəqilliyinin hüquqi əsaslarını möhkəmləndirdi, vətəndaş cəmiyyətinin formalaşmasına və insan hüquq və azadlıqlarının qorunmasına geniş şərait yaratdı.
Azərbaycan Respublikasının Konstitusiyası beş bölmədən, on iki
fəsildən və 158 maddədən ibarətdir. Əsas Qanun dövlətin quruluşunu,
hakimiyyətin bölgüsünü, iqtisadi sistemin əsaslarını, insan və
vətəndaş hüquq və azadlıqlarını aydın şəkildə müəyyən edir.
Konstitusiyada hakimiyyətin bölünməsi prinsipi – qanunverici, icra
və məhkəmə hakimiyyətlərinin ayrılığı təsbit edilmişdir ki, bu da
demokratik idarəçiliyin mühüm təminatıdır.
Konstitusiya vətəndaşların söz, vicdan, mülkiyyət, toplaşma və digər əsas hüquqlarını təmin etməklə, insan amilini dövlət siyasətinin mərkəzinə çıxarmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasının hazırlanması və qəbulunda ümummilli lider Heydər Əliyevin mühüm rolu olmuşdur. Məhz onun rəhbərliyi və siyasi iradəsi sayəsində yeni Konstitusiya layihəsi yüksək səviyyədə hazırlanmış, xalqın müzakirəsinə çıxarılmış və referendumla qəbul edilmişdir.
Ulu Öndərin hüquqi dövlət quruculuğu strategiyası bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu gün Azərbaycan Respublikası Konstitusiyası ölkənin inkişafını təmin edən başlıca hüquqi baza kimi çıxış edir. Onun müddəaları bütün qanunların və dövlət qərarlarının əsasını təşkil edir. Konstitusiya Günü xalqımızın hüquqi dövlət və vətəndaş cəmiyyəti ideallarına sadiqliyinin rəmzi, dövlət müstəqilliyimizin möhkəmliyinin göstəricisidir.
12 Noyabr – Konstitusiya Günü təkcə bir tarixi hadisənin xatirəsinə qeyd edilmir. Bu gün hər bir azərbaycanlının dövlətə, qanuna və ədalətə olan sədaqətini təcəssüm etdirir. Azərbaycan xalqı Konstitusiyasını milli suverenliyinin və dövlət müstəqilliyinin ən mühüm təminatı kimi qoruyur və gələcək nəsillərə ötürür.
Milli Məclisin deputatı,
Əminə Ağazadə