...

BMT Baş katibi Kiyevdə Azərbaycanın səfirliyinə raket zərbəsini pisləyib

Siyasət Materials 14 Noyabr 2025 23:08 (UTC +04:00)
BMT Baş katibi Kiyevdə Azərbaycanın səfirliyinə raket zərbəsini pisləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın səfirliyinin binasının yenidən raket hücumuna məruz qalmasını kəskin şəkildə pisləyib.

Trend xəbər verir ki, bu barədə Baş katibin sözçüsü Stefan Düjarrikin yaydığı bəyanatda qeyd olunur.

Bəyanatda bildirilir ki, Rusiya Federasiyasının bu gün Ukraynanın müxtəlif bölgələrinə endirdiyi genişmiqyaslı raket və dron zərbələri nəticəsində Kiyevdə ən azı altı, Çornomorsk şəhərində isə iki nəfər həlak olub. Hücumlar çoxsaylı mülki xəsarətlərə, eləcə də yaşayış və enerji infrastrukturu ilə yanaşı, Azərbaycanın Kiyevdəki səfirliyinin binasına ciddi ziyana səbəb olub.

Sənəddə vurğulanır ki, mülki obyektlərə və əhaliyə qarşı hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır və harada baş verməsindən asılı olmayaraq, tamamilə qəbuledilməzdir. Baş katib diplomatik nümayəndəliklərin toxunulmazlığı prinsipini bir daha xatırladaraq, hücumların dərhal dayandırılmasına çağırıb.

Quterreş həmçinin Ukraynada ədalətli, hərtərəfli və davamlı sülhə aparacaq ilk addım kimi tam, dərhal və qeyd-şərtsiz atəşkəsə ehtiyac olduğunu vurğulayıb. O, BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

Xəbər lenti

Xəbər lenti