...

Azərbaycan-Aİ əməkdaşlığı müzakirə olunub (FOTO) (YENİLƏNİB)

Siyasət Materials 4 Dekabr 2025 23:42 (UTC +04:00)
Azərbaycan-Aİ əməkdaşlığı müzakirə olunub (FOTO) (YENİLƏNİB)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Son zamanlar tərəflər arasında yüksək səviyyəli təmasların artan dinamikası məmnunluqla qeyd olunub, bu dinamikanın davamlılığının və məhsuldarlığının qorunub saxlanılmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Tərəflər arasında mövcud mexanizmlər üzrə səylərin və dialoqun intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar, ticarət-iqtisadi əməkdaşlıq istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən layihələr nəzərdən keçirilib.

Regionumuzun nəqliyyat-kommunikasiya potensialının artırılması və şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Regional təhlükəsizlik məsələləri, Cənubi Qafqaz regionunda post-münaqişə reallıqları, davamlı sülh və sabitliyin təmin olunması istiqamətində Azərbaycanın həyata keçirdiyi fəaliyyətlər və ölkəmizin yürütdüyü sülh gündəliyi üzrə son inkişaflar və gözləntilərimiz barədə qarşı tərəfə məlumat verilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər müzakirə olunub.

xxx

15:42

Azərbaycan Respublikasının Xarici İşlər Naziri Ceyhun Bayramov Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb.

Trend bu barədə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüş ATƏT-in Vyana şəhərində keçirilən Nazirlər Şurasının 32-ci iclası çərçivəsində baş tutub.

Məlumata görə, görüşdə tərəflər Azərbaycan və Avropa İttifaqı arasındakı əməkdaşlıq gündəliyini nəzərdən keçirib, yüksək səviyyəli təmaslarda müsbət irəliləyişi alqışlayıblar.

Görüşdə, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat və əlaqəlilik, ticarət və “yaşıl keçid" kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edilib.

Nazir, eyni zamanda Kaya Kallası regional inkişaflarla bağlı, o cümlədən Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin irəlilədilməsi üçün göstərdiyi səylər barədə məlumatlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti