Bakı. Trend:
Nazirlər Şurasının iclası yenidən ATƏT məkanında davam edən təhlükəsizlik böhranı fonunda keçirilir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Vyanada ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı deyib.
C.Bayramovun sözlərinə görə, Helsinki Yekun Aktının imzalanmasının 50-ci ildönümü təntənə ilə qeyd edilməli olsa da, təəssüf ki, bu mümkün deyil:
“Bu, əslində daha çox keçmiş səhvlərdən dərs çıxarmaq və Yekun Aktın mətninə və mahiyyətinə yenidən sadiqliyimizi təsdiqləmək üçün kollektiv iradəmizi səfərbər etməyə dərin ehtiyacın olduğuna dair bir xatırlatmadır.
Bu baxımdan, xüsusən dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığına hörmət kimi Yekun Aktda təsbit edilmiş prinsiplərin davamlı aktuallığını vurğulayırıq.
Bizim ağrılı təcrübəmiz göstərir ki, bu prinsiplər hamıya bərabər, ardıcıl, ayrı-seçkilik və ikili standartlar olmadan tətbiq edilməlidir”.
