Bakı.Trend:
Mədəni irs məhv edildikdə, bir xalqın öz keçmişi ilə qurduğu bağ da qırılır. Beynəlxalq hüquq, mədəni irsin qorunmasını insan hüquqlarının ayrılmaz bir hissəsi kimi qəbul edir.
Trend xəbər verir ki, bu fikirləri bu gün Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası-ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzususunda lll Beynəlxalq Konfransda Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım çıxışı zamanı deyib.
O çıxışında qeyd edib ki, 1954-cü il Haaqa Konvensiyası, 1972-ci il UNESCO-nun Dünya Mədəni və Təbii İrsin Mühafizəsi haqqında Konvensiyası və 2003-cü il Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında Konvensiyası dövlətlərin bu sahədəki öhdəliklərini açıq şəkildə müəyyənləşdirir:
"Lakin bu məsuliyyət yalnız dövlətlərə aid deyil, beynəlxalq ictimaiyyətin də ümumi vəzifəsidir. Mədəni irsin məhv edilməsi yalnız bir millətə qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət sayılır. Bu səbəbdən Qərbi azərbaycanlıların geri dönüş hüququ müzakirə olunarkən, məsələ həm hüquqi, həm də mədəni aspektdən birlikdə qiymətləndirilməlidir".
Ş.Ayrım əlavə edib ki, münaqişələrdən sonra dayanıqlı sülh yalnız siyasi razılaşmalarla deyil, yaddaşın bərpası, qarşılıqlı hörmətin yenidən formalaşdırılması ilə mümkündür:
"Bir toplumun tarixinə, sənətinə, inancına və hətta məzar daşlarına göstərilən qayğı sülhün mənəvi təməlini yaradır. Buna görə də geri dönüş prosesində mədəni irsin qorunması ikinci dərəcəli məsələ deyil, sülhün əsas şərtidir. Qarabağ və ətraf ərazilər otuz il ərzində işğal altında qalıb. Bu müddətdə şəhərlər, kəndlər, tarixi abidələr və mədəni irs ciddi zərər görüb".
O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Qarabağda yeni yollar, su hövzələri, hava limanları, "ağıllı şəhər" və "ağıllı kənd" layihələri həyata keçirilir. Bir milyondan çox köçkünün geri qayıtması üçün şərait yaradılır, ağaclar əkilir, müasir yaşayış standartları təmin edilir və insanların öz yurdlarına rahat şəkildə dönüşü üçün imkanlar genişləndirilir. Bu, çox mühüm tarixi hadisədir.
"Azərbaycan bütün bunları həyata keçirərkən heç bir öhdəliyindən yayınmamış, əksinə, bölgədə apardığı bərpa-quruculuq işləri ilə dünyaya nümunə ola biləcək səviyyədə inkişaf göstərib", – Ş.Ayrım əlavə edib.
