Bakı. Trend:
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları ekstremizmin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
"Terror latın dilindən tərcümədə vahimə, xof mənasını daşıyır və bu zəmində törədilən əməllər xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq ağır və xüsusilə ağır cinayətlərə aid edilir. Ölkəmizdə terrorçuluqla mübarizə sahəsində müddəalar 18 iyun 1999-cu ildə qəbul olunmuş "Terrorçuluqla mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda əks olunmuşdur. Qanun Azərbaycanda terrorçuluğa qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını müəyyən edir, terrorçuluqla mübarizəni həyata keçirən orqanların fəaliyyətini əlaqələndirir, həmin orqanların və vətəndaşların hüquqi vəzifələrini təsbit edir (Qanun 5 fəsil, 22 maddədən ibarətdir, 05.10.2001-ci ildə dəyişikliklər əlavə edilmişdir). Qanunda terrorizmə belə bir anlayış verilir: terrorizm - insanlara kütləvi qırğın təhlükəsi yaradan, sağlamlıqlarına zərər vuran partlayış, yanğın və ya digər hərəkətlər, yaxud əmlakın məhv (xarab) edilməsi və ya ictimai təhlükəsizliyin pozulması məqsədi ilə digər ağır nəticələr, əhalinin qorxudulması və ya dövlət hakimiyyəti orqanlarının və ya beynəlxalq təşkilatların qərarlarının qəbuluna təsir göstərmək, habelə bu məqsədlə göstərilən hərəkətlərin edilməsi təhlükəsidir", - o bildirib.
Onun sözlərinə görə, terrorçuluq iki formaya ayrılır - beynəlxalq (transmilli) və daxili (milli). Motivlərindən asılı olaraq isə sosial, milliyyətçi, ərazi-separatçı və dini-ayrıseçkilik növlərinə bölünür.
"Bu növlərdən:
Sosial terrorçuluğun subyektləri - ultrasolçu (bura kommunist, radikal sosialist, anarxist və s. aid edilir) və ya ultrasağçılar (yəni neonasional-sosialist, faşist və s.);
Milliyyətçi terrorçuluğun subyektləri - etnokonfliklər nəticəsində əmələ gələn siyasi hərəkatlər, ayrı-ayrı təşkilat və qruplaşmalar və s.;
Ərazi-separatçı terrorçuluğun – subyektləri kimi Azərbaycanın
əzəli ərazisi olan Qarabağda yaranmış hamıya bəlli terrorçu
təşkilatları, xüsusən də "Dağlıq Qarabağ Ordusu" terror təşkilatını
qeyd etmək olar;
Dini ayrı-seçkilik (yəni ekstremizm) terrorçuluğun subyektləri isə
dini dözümsüzlük zəmində yaranan terrorçu təşkilatlardır ki, müasir
dövrün gündəmində olan əsas mövzuya çevriliblər.
Terrorçuluqla mübarizədə hüquqi, rejim-mühafizə, əməliyyat-axtarış və profilaktik tədbirlər nəzərdə tutulur və onlar aşağıdakı məqsələrlə həyata keçirilir:
- İnsan hüquq və azadlığını, cəmiyyət və dövlətin təhlükəsizliyinin təmin edilməsi;
- Terrorçuluğun aşkar edilməsi, qarşısının alınması, bu fəaliyyət nəticəsində mümkün zərərin minimuma endirilməsi;
- Terrorçuluğun yaranmasının, maliyyələşdirilməsinin, ona digər yardımların edilməsininin qarşısının alınması.
"Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunun əsas prinsipləri isə - qanunçuluğun təmin edilməsi, terrorçuluq fəaliyyətinin həyata keçirilməsinə görə, Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş cəzanın labüdlüyü, terrorçuluqla mübarizədə açıq və gizli fəaliyyət metodlarının əlaqələndirilməsi, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati profilaktik tədbirlərdən kompleks istifadə, terrorçuluq fəaliyyəti nəticəsində təhlükəyə məruz qalmış şəxslərin hüquqlarının müdafiəsinin üstünlüyü, terrorçuluqla mübarizəyə cəlb olunmuş qüvvələrin vahid mərkəzdən idarə edilməsi, terrorçuluqla mübarizədə tətbiq olunan metodlardan istifadə zamanı minimum aşkarlıq", - A.Qarayev bildirib.
Politoloq qeyd edib ki, terrorla beynəlxalq miqyasda mübarizəni tənzimləyən əsas sənəd Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2001-ci ildə qəbul etdiyi 1373 saylı qətnaməsidir. 11 may 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə həmin qətnamə üzrə tədbirlərin həyata keçirilməsinə dair plan təsdiq edilmişdir.
"Müasir dünyada beynəlxalq terrorçuluq təkcə ayrılıqda götürülmüş dövlətlərə qarşı deyil, həm də bütün bəşəriyyətə meydan oxuyan təhlükədir. Qloballaşma dövrü adlandırılan müasir dövrdə terrorçuluğun bir sıra yeni səciyyəvi xüsusiyyətləri əmələ gəlmişdir.
Belə ki, bu gün terrorçuluğun hədəfləri dəyişmişdir. Hazırda terrorçu təşkilatlar əvvəlki dövrlərdən fərqli olaraq, girovların tutulması, dövlət xadimlərin qətlə yetirilməsi, təyyarə və digər nəqliyyat vasitələrinin qaçırılması kimi yollarla yalnız sabitliyin pozulması və ya hansısa qısamüddətli planların gerçəkləşdirilməsinə deyil, mahiyyətcə daha ciddi və genişmiqyaslı məqsədlərə - hakimiyyətin ələ keçirilməsinə, suveren dövlətlərin ərazisinin qəsb olunmasına və yerli əhalinin oradan qovulmasına yönəldirlər. Azərbaycanın nümunəsi bu cəhətdən səciyyəvidir. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycandakı o zamankı hakimiyyətinin zəifliyi və xarici havadarlarının dəstəyindən istifadə edən Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin 20%-i işğal olunmuş, bir milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrilmişdir. 1988-ci ildən başlayaraq erməni terrorçuları hərbi qarşıdurma zonasında və həmin zonadan yüzlərlə kilometr aralıda yerləşən yaşayış məntəqələrində törədilən və 2000-dən çox dinc sakinin qətli ilə nəticələnmiş 373 terror aktı konkret siyasi məqsədə - təcavüzkar-separatçılıq vasitəsilə Azərbaycan ərazisinin ilhaqına yönəlmişdir. Məhz erməni terrorçuların cəmləşdiyi "Dağlıq Qarabağ Ordusu" terrorçu təşkilatının yaranmasında iştirak etmiş Robert Koçaryan və Serj Sarkisyan xaricdəki himayədarlarının dəstəyi ilə Ermənistanda hakimiyyətə yiyələnmiş və bununla da Azərbaycan ərazisi olan Dağlıq Qarabağın məsələsinin beynəlxalq hüquq qayda və qanunları çərçivəsində həlli böyük problemə çevrilmişdir. Eyni xarakterli prosesi Yaxın Şərq bölgəsində dini-ayrıseçkilik zəmində yaranmış terrorçu təşkilatların qondarma dövlətlər yaratdıqdan sonra, sülh şəraitinin bərpa olunmasına istiqamətləndirilmiş səylərin pozulmasına yönəlmiş fəaliyyətlərində də müşahidə etmək olar.
Təcrübə göstərir ki, bu gün müxtəlif cərəyanlara mənsub terrorçu və ekstremist təşkilatlar bir-biri ilə qarşılıqlı əlaqə saxlayır. Siyasi və dini ekstremizm, təcavüzkar separatçılıq, qloballaşma əleyhinə hərəkat, sağ və sol radikalizm və s. eyni bir terror zəncirinin həlqələri olub, terrorçuluq fəaliyyətinin müxtəlif sahələrində bir-birini tamamlayır. Ona görə də bu həlqələrdən yalnız birinə qarşı mübarizə bütövlükdə terrorçuluğa qarşı mübarizə vəzifəsini tam yerinə yetirməyə imkan vermir", - o bildirib.
A.Qarayev vurğulayıb ki, terrorçu təşkilatlar mütəşəkkil cinayətkarlığın başqa sahələrində fəaliyyət göstərən qruplaşmalarla qarşılıqlı əlaqə saxlayır.
"Separatçı, eləcə də radikal dini rejimlər zəbt etdikləri müstəqil dövlətlərin ərazisindən, o cümlədən, işğal dövründə ölkəmizin Qarabağ bölgəsində Azərbaycanın İranla nəzarətsiz qalmış 132 kilometrlik sərhəd zolağından istifadə edərək, narkobiznes, qanunsuz silah və insan alveri, çirkli pulların yuyulması və digər cinayətkar yollarla əldə olunan gəliri terrorçuluğun, xüsusən də "Dağlıq Qarabağ Ordusu" terrorçu təşkilatının maliyyələşdirilməsinə yönəltmişlər.
Bununla yanaşı, genişmiqyaslı və çoxsahəli terror fəaliyyəti yalnız hər hansı ölkənin dövlət orqanlarının məqsədyönlü dəstəyi ilə həyata keçirilə bilər. Müasir terrorçu təşkilatlar güclü, ciddi tabeçilik strukturlarına və təchizata malik cinayətkar qurumlardır. Bu gün dövlət sərhədləri də onların qarşısını almaqda acizdir. Həmin təşkilatların tərkibində əməliyyat, kəşfiyyat və əks-kəşfiyyat bölmələri, qoruyucu döyüş qrupları vardır. Bütün bunlar dövlət dəstəyi sayəsində mümkün ola bilər. Buna misal kimi Azərbaycanda törədilmiş terror aktlarının əksəriyyətinin məhz təcavüzkar Ermənistanın xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini qeyd etmək olar. Təbii ki, müasir terrorçuluğun bu xüsusiyyəti qeyd olunarkən, terrorçulara sığınacağın verilməsi də yaddan çıxarılmamalıdır. Bu cür əməllərə əl atan dövlətlər terrorçuların fəaliyyəti (xüsusən də yaşaması, təlim keçməsi, terror aktlarının hazırlanması və s.) üçün öz ərazilərində və ya təsir altında olduğu dövlətlərdə lazımi şərait yaradır, terrorçulara siyasi sığınacaq tapmasına yardım edir, terrorçuluq fəaliyyətinə bəraət qazandırır. Bu cür dövlətlər arasında Ermənistan xüsusi yer tutmuşdur. Məlumdur ki, bu ölkənin təşkilatçılığı ilə Livan və Suriyadan qaçan ermənilər Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilmiş və "Dağlıq Qarabağ Ordusu" terrorçu təşkilatının formalaşdırılmasında istifadə edilmişdir. Qeyd etmək lazımdır ki, keçən əsrin 70-80-ci illərində dünyanın müxtəlif ölkələrində terror hücumları törətmiş erməni terrorçularına Ermənistanda hər cür şərait yaradılmış, onlar reabilitasiya olunmuş və ölkədə baş verən siyasi proseslərə qoşulmalarına şərait yaradılmışdır. Həmin terrorçular Azərbaycanda terror hücumları törətmək imkanlarını itirdikdən sonra, Ermənistanın özündə fəallaşmış və məhz onların səyi nəticəsində Ermənistanın özündə bir neçə səs-küylü məlum terror aktları törətmişlər", - o bildirib.
A.Qarayev qeyd edib ki, erməni terror təşkilatları ilə yanaşı, ölkəmizə təhlükə yaradan digər terrorçu qurumlar isə dini-ayrıseçkilik zəmində fəaliyyət göstərən beynəlxalq terrorçu, eləcə də dini ekstremist təşkilatlardır.
"Belə ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yaranmış ideoloji və hüquqi boşluq, eləcə də Ermənistanın və Rusiyadakı ermənipərəst qüvvəllərin, digər xarici himayədarlarının dəstəyi ilə ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, işsizlik və digər sosial çətinliklər mühiti xaricdəki dini cərəyan missionerlərin fəaliyyəti üçün əlverişli şərait yaratmışdır. Ekstremizmin ölkəmizdə yayılması 1990-cı illərin əvvəlindən müxtəlif təriqət davamçılarının beynəlxalq humanitar təşkilat və xeyriyyə cəmiyyətlərinin əməkdaşları qismində fəaliyyəti ilə başlamışdır. Regionda strateji maraqların təminatı üçün xaricdə fəaliyyət göstərən bəzi destruktiv qüvvələr, o cümlədən, beynəlxalq terrorçu və dini-ekstremist təşkilatlar tərəfindən dini, humanitar, iqtisadi və s. örtüklər altında Azərbaycanda mütəşəkkil strukturlar formalaşdırılması istiqamətində məqsədyönlü iş aparılmışdır.
Təcrübə göstərir ki, beynəlxalq terrorçu, eləcə də dini-ekstremist təşkilatlar Azərbaycan ərazisində ilkin olaraq radikal dindarlardan ibarət sosial bazanın formalaşdırılması istiqamətində fəaliyyət göstərir. Belə ki, onlar dini cəhətdən az savadlı və aztəminatlı gəncləri sıralarına cəlb etmək istəyirlər. Qeyd olunan təşkilatların iş forma və metodlarında əsas yeri informasiya təminatı tutur. Təbliğat xarakterli informasiya təminatını zərərli dini ədəbiyyat, müxtəlif dini aksiyaların video və fotogörüntüləri, eləcə də ektremist qurumların rəhbərlərinin yazılmış çıxışları təşkil edir, bu zaman internetdən geniş istifadə olunur. Həmçinin, radikal sünni və şiə təşkilatları tərəfindən qərbyönümlü ölkələrlə yanaşı, digər məzhəblərə qarşı "cihadın" təbliği üçün İnternetdə müxtəlif saytlar mövcuddur ki, onların əksəriyyəti bir-birini təkrarlayır və bu saytlarda təqdim olunan məlumatlar əsasən mübarizənin kimlərə qarşı aparılmasının vacibliyini izah edir. Beynəlxalq aləmdə cərəyan edən proseslər, o cümlədən, müxtəlif münaqişə bölgələrində baş verən hadisələr də yerli ekstremistlərin fəallaşması üçün əlverişli zəmin yaradır. "Cihad"ın təhrif olunmuş mahiyyəti haqqında məlumat verən ədəbiyyat və digər təbliğat vasitələrinin yayılması diqqəti cəlb edir. Həmin ədəbiyyatlarda müsəlmanların "cihad"ı bütün ibadətlərdən (dəyərlərdən) üstün tutması, ona canı və malı (pulu) ilə qoşulması əsas ideya kimi göstərilir", - o bildirib.
Politoloqun sözlərinə görə, dini ayrı-seçkilik zəmində fəaliyyət göstərən terrorçu təşkilatların iş forma və metodlarında əsas yeri informasiya təminatı tutur.
"İnformasiya təminatını radikal dini cərəyanları təbliğ edən zərərli ədəbiyyatlar, müxtəlif döyüş səhnələrini (cihadı) təbliğ edən videomateriallar, eləcə də ekstremist qurumların rəhbərlərinin təbliğ məqsədilə yazılmış çıxışları təşkil edir. Həmin vasitələrdə müsəlmanların "cihad"ı bütün ibadətlərdən və dəyərlərdən üstün tutması, ona canı və malı ilə qoşulması əsas ideya kimi aşılanır. "Mücahidin" istənilən İslam ölkəsində döyüşməyə hazır olması, hətta bu məqsədlə övladın valideynlərdən və qadının ərindən razılıq almasına ehtiyac olmadığı vurğulanır. Bu kimi təbliğat materialların yayılmasında internetdən geniş istifadə olunur. Həmçinin, internet vasitəsilə dini cəhətdən radikal olan şəxslər yuxarıda qeyd olunan təbliğat materialları ilə tanış olmaqla yanaşı, hətta məişət şəraitində partlayıcı və zəhərləyici maddələrin hazırlanması üsullarını öyrənə bilir.
2001-ci ilin 11 sentyabr hadisələrindən sonra, terrorçuluqla mübarizə keyfiyyətcə yeni mərhələyə qalxaraq, mahiyyət etibarı ilə dünyadakı vəziyyətin dəyişməsinə şərait yaratmışdır. Dünya birliyi terrorçuların bu dəhşətli cinayətlərindən sarsılmışdır. Bəşəriyyətə meydan oxuyan beynəlxalq terrorçuluq məlum təhdidlərinin daha da sürətlə artması ona qarşı mübarizədə səylərin birləşdirilməsini diktə etmişdir. Azərbaycan Respublikası həmin faciədən sonra tərəddüd etmədən antiterror koalisiyasına qoşulmuş və hazırda da bununla bağlı qanunverici, təşkilati və əməli tədbirlərin həyata keçirilməsi üçün malik olduğu proqram üzrə beynəlxalq terrorçuluqla mübarizəyə töhvəsini verir", - A.Qarayev bildirib.
Politoloq vurğulayıb ki, radikal dindarlar "facebook", "odnoklassniki", "X" (keçmiş "twitter") kimi sosial şəbəkəllərdən və "WhatsApp", "Teleqram" kimi rabitə proqramlarından da geniş istifadə edir, həmin şəbəkələrdə "cihad"ın təbliğatını aparır, təsir dairələrini genişləndirməyə və məzhəblərarası konfliktlər yaratmağa çalışırlar. 2013-cü ilin oktyabr ayında Bakı şəhərində fəaliyyət göstərən "Məşədi Dadaş" şiə icmasının rəhbəri Şahin Həsənlini təhdid etmiş vəhhabi ekstremisti Nəriman Mirzəyev və onun qrupu məhz "facebook" vasitəsilə ölkəmizdə sünni-şiə qarşıdurmasına təhrik etmişlər:
"Həmçinin, hazırki mərhələdə terrorçu təşkilatlar tərəfindən aparılan ekstremizmin təbliğatına islamofobiya kimi amillər də böyük təsir göstərir. 2001-ci ilin sentyabr ayının 11-də ABŞ-də məlum terror hücumlarını törətmiş "Əl-Qayda" terror təşkilatı və bu qurumla inteqrasiyaya getmiş müsəlman dırnaqarası "alimləri", islamofobiyanın tərəfdarları üçün müsəlmanlardan "terrorçu", "vəhhabi", "taliblər" və s. kimi mənfi obrazlar düzəltməyə, İslamın zorakılığı və qəddarlığı yayan din olması düşüncəsinin yaranmasına münbit şərait yarada bilmişlər. Baş vermiş terror hücumları və digər hadisələri əsas gətirərək, bir din və mədəniyyətin bütün mənsublarının mühakimə edildiyini səhv və təhlükəli olduğu ictimaiyyətə geniş şəkildə çatdırılmalıdır. İslamofobiya təkcə müsəlmanların əleyhinə yönələn ayrıseçkilik kimi deyil, əksinə qlobal sülh üçün təhdid kimi qiymətləndirilməlidir. Çünki, islamofobiya İslamla az bağlılığı olan, elmi əhatəsi və mötəbər olmayan mənbələrdəki səthi məlumatlara malikdir. İmam Əlinin ifadəsi ilə desək "insan adətən bilmədiyi ilə düşmənçilik edər".
Aparılmış müşahidələr göstərmişdir ki, Azərbaycanda sünni məzhəbinə mənsub radikal dindarların arasında "cihad" bölgələrinə getmək istəyən şəxslərin artımı vardır. 2012-ci ildən etibarən onlar xaricdə iş axtarmaq, dini təhsil almaq və digər bəhanələrlə ölkəmizi tərk edərək, Suriya və İraqdakı münaqişədə iştirak etmək üçün həmin ölkəyə getməyə və orada müxalifətin tərkibində fəaliyyət göstərən terrorçu və ekstremist qruplara qoşulmağa başlamışlar.
Təhlillər göstərir ki, xaricdəki münaqişə bölgələrində döyüşən əcnəbi ekstremistlərin geri qayıtdıqdan sonra vətəndaş olduqları ölkələrin təhlükəsizliyinə və ictimai-siyasi sabitliyə təsir edə biləcək terror-təxribat və ya digər cinayət əməllərində iştirak etmək ehtimalı böyükdür.
Beynəlxalq terrorçuluqla və dini ekstremizmlə mübarizə xətti üzrə ölkəmizin təhlükəsizlik orqanları tərəfindən son on il ərzində keçirilmiş xüsusi tədbirlər nəticəsində 20-dən artıq terrorçu və dini-ekstremist qruplaşması zərərsizləşdirilmişdir".
A.Qarayev qeyd edib ki, son zamanlar İŞİD terrorçu təşkilatına qarşı aparılan antiterror əməliyyatlarına bu təşkilatlar terror aksiyaları ilə cavab verəcəklərini elan etmişdir.
"Terrorçular potensial hədəflər kimi həmin ölkələrin vətəndaşlarını və xaricdəki nümayəndəliklərini göstərmiş və bu kimi hədəflərin digər dövlətlərlə yanaşı, Azərbaycanda da olduğunu qeyd etmişlər. Antiterror əməliyyatlarının intensivliyi və təsirliliyi artdıqca, "İŞİD-çilərin" bu terror təşkilatının fəal olduğu münaqişəli bölgələrdən kənar yeni əməliyyat bölgələrinə yer dəyişmələri gözlənilir. Həmin bölgələrdən biri kimi Əfqanıstan-Pakistan bölgəsinin adı daha çox qeyd olunur. Lakin, məlumatların təhlili göstərir ki, növbəti mərhələdə İŞİD yeni əməliyyat bölgələri qismində dünyanın digər regionları ilə yanaşı, Rusiyanın Şimali Qafqaz bölgəsində və Orta Asiya ölkələrində də fəallığını artıracaqdır. Bu fəaliyyətdə İŞİD və onunla əlaqəli olan digər terrorçu qurumların tərkibində olan əcnəbi döyüşçülərdən istifadə olunacağı şübhəsizdir. Qeyd olunmalıdır ki, İŞİD Suriya və İraqdakı münaqişə bölgəsindən kənarda ekstremistlər arasında təsir dairəsini artırmaq üçün yerli özəklərin yaradılması üzrə uzunmüddətli ideoloji iş əvəzinə, daha çox rezonanslı terror aktları keçirməyə üstünlük verir.
İŞİD və onunla əlaqəli olan terrorçu qurumlar məzhəblərarası qarşıdurma yaratmaq amilindən də geniş istifadə edir. Təşkilatın ideoloqları gənclər arasında radikal dini ideyalarını yaymaqla bu konsepsiyanı qəbul etməyən din xadimləri və dindarları məharətlə nüfuzdan salır. Bu səbəbdən əhali dini inanc, məzhəb, təriqət, eləcə də etnik mənsubiyyətinə və mövcud hakimiyyətə münasibətinə görə terrora məruz qala bilər.
Suriya və İraqa səfər etmiş ekstremistlərin çoxu İŞİD-ə onlardan əvvəl qoşulmuş əlaqələrinin təbliğatı və dəvəti ilə bu təşkilata üzv olur. Onların əksəriyyəti İŞİD-ə qoşulmağın hər bir müsəlman üçün vacib olduğunu bildirir, bunu dini rəvayət və hədislərlə əsaslandırmağa çalışır. Bununla belə, son zamanlar yerli ekstremistlər arasında İŞİD-in qəddar fəaliyyətinin İslamla uzlaşmadığına dair fikir də formalaşmağa başlamışdır.
Münaqişə zonasına getmiş ekstremistlər əksər hallarda qrup şəklində səfər etməyə üstünlük verir, lakin sərhədkeçmə zamanı diqqəti cəlb etməmək üçün ayrı-ayrılıqda hərəkət edir. Bəzi ekstremistlər ailələri ilə birlikdə Suriyaya getmişlər və regiondakı hərbi əməliyyatların, onun yaratdığı aclıq, xəstəlik və əsarət kimi ağır fəsadları ilə üzləşməyə zəmin yaratmışlar", - o bildirib.
Onun sözlərinə görə, Suriya və İraqa səfər etmiş ekstremistlərin əksəriyyəti Azərbaycana qayıdarkən qayıtmalarını münaqiçə bölgələrində yaşayış şəraitinin ağır olması, həyat təhlükəsi və ya qoşulduqları terrorçu təşkilatların dini məsələlərdə səhvlərə yol vermələri ilə əsaslandırmışlar. Onların radikal dini ideologiyanın güclü təsirinə məruz qaldıqları, bunun nəticəsində ətrafları ilə aqressiv davrandıqları, tolerant və dünyəvi həyat tərzini qəbul etmədikləli, dövləti “tağut” adlandıraraq ona qarşı “cihad” adlandırdıqları silahlı və zorakı mübarizədən çəkinməyəcəklərini ətraflarına bildirdikləri müşahidə olunmuşdur.
"Bununla əlaqədar və beynəlxalq təcrübəni nəzərə alaraq 2014-cü ilin mart ayında xaricdəki münaqişələrdə iştirak edən şəxslərə qarşı tətbiq olunan cəzalar sərtləşdirilmiş və bu vaxtdan etibarən Yaxın Şərqin münaqişə bölgələrinə səfər etmiş ekstremistlərin cinayət əməlləri sübuta yetirildiyi təqdirdə məhkəmənin müvafiq qərarı ilə onlar istintaqa cəlb olunmağa başlamışlar.
Görülmüş bu və digər hüquqi və profilaktik tədbirlər nəticəsində son zamanlar münaqişə bölgələrinə ekstremistlərin getmə prosesi səngimişdir. Bu prosesə təsir göstərmiş amillərdən biri də Türkiyə ordusu və təhlükəsizlik orqanları tərəfindən ekstremistlərin hərəkət marşrutlarını ciddi nəzarətə götürülməsidir.
Həmçinin, problemin ciddiliyi və aktuallığı, beynəlxalq terrorçu və dini ekstremist təşkilatlarla mübarizə sahəsində ölkəmizin təhlükəsizlik orqanlarının xarici tərəfdaş xidmətlərlə birgə qabaqlayıcı tədbirlərin keçirilməsini zəruri edir. Cari ilin sentyabr ayında Bakı şəhərində keçirilmiş Müstəqil Dövlətlər Birliyi üzv-dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərlərinin 41-ci iclasında iştirak etmiş tərəfdaş xidmətlərin rəhbərləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev öz nitqində demişdir: "…Terrorizmə qarşı mübarizə qlobal xarakter daşımalıdır…və təhdidlərin qarşısını almaq üçün bütün ölkələrin xüsusi xidmətləri arasında səylərin birləşdirilməsi, informasiya mübadiləsi, səmimi əməkdaşlıq zəruridir…". Bu gün Dövlət Təhlükəsizliyi Xİdməti tərəfindən türkiyəli, amerikalı, rusiyalı, britaniyalı, almaniyalı, qazaxıstanlı və digər xarici həmkar xidmətlərin işçi qrupları ilə birgə təhqiqatlar çərçivəsində müxtəlif münaqişə bölgələrində fəaliyyət göstərən terrorçu təşkilatlar, onlarla əməkdaşlıq edən vasitəçi şəbəkələr barədə əməliyyat-axtarış tədbirləri keçirilir və bu istiqamətdə konkret nəticələr əldə olunur.
Qeyd olunanları nəzərə alaraq, müasir dövrdə beynəlxalq terrorçu təşkilatlarla, o cümlədən, radikallıq mənbəyinə çevrilən qüvvəllərlə mübarizədə açıq və gizli metodlarının koordinasiyası, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati-profilaktik tədbirlərdən istifadə olunur. Eyni zamanda, əhali arasında terrorçuluğun mahiyyəti və dində radikalizmin zərərli tərəflərinə dair izahedici işin təşkili, terrorçu və ekstremist təşkilatların təbliğatına qarşı müasir dünyada dində tolerantlığın üstünlüyünü təbliğ edən materialların internet məkanda və KİV-lərdə dərc edilməsi də böyük əhəmiyyət daşıyır. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi "…Qloaballaşan dünyada terrorla mübarizənin əsas istiqamətlərindən biri Azərbaycanda olduğu kimi, multikulturalizm mühitinin yaranması və tolerantlığın formalaşdırılmasıdır"", - o bildirib.
A.Qarayev qeyd edib ki, hazırda ölkəmizdə mövcud dövlət quruluşunu devirməklə hakimiyyəti ələ keçirmək üçün sosial bazanın formalaşdırılması, radikal islamçılardan ibarət infrastrukturun yaradılması istiqamətində bəzi şərq ölkələrinin dini mərkəzləri ilə humanitar təşkilatların təsiri və himayəsi ilə fəaliyyət göstərən, özündə çox sayda dindarı birləşdirən icma və qruplar mövcuddur. Onların üzvlərinin əksəriyyətini gənclər təşkil edir. Məsələn, sələfilərin orta yaş həddi otuzadəkdir. Hər bir sələfi hərəkata ilk növbədə öz ailəsini (qadınlar da daxil olmaqla) cəlb etməlidir. İcmalarda qadınların sayı təxminən 25%-dir:
"Dini radikalizm və ekstremizmin yaranmasının müxtəlif obyektiv və subyektiv səbəbləri var və onlar özünü bir çox sahələrdə biruzə verir. Güclü dövlətlərin siyasətində ayrı-seçkiliyə rəvac verməsi, bundan irəli gələn dinlərarası münasibətlərin gərginləşdirilməsi, bir sıra hallarda dini dəyərlərin təhqir olunması, dini zəmində ədavət və düşmənçiliyin qızışdırılması bu səbəblərdəndir. Eyni zamanda, bir sıra ölkələrdə zərərli dini təriqətlərin yayılmasına şəraitin yaradılması, radikal və ekstremist qruplarla mübarizə işinin səmərəli qurulmaması, siyasi və ictimai təşkilatların dindən siyasi məqsədlər üçün istifadə etməsi, beynəlxalq və regional əhəmiyyətli münaqişələrin uzun illər həllini tapmaması və yeni qarşıdurmaların yaranması dünyada ekstremizm və dözümsüzlük meyillərini daha da artırır, onların əhatə dairəsini genişləndirir. Dünya ölkələri və beynəlxalq qurumların bu risklərin qarşısının alınması məqsədilə göstərdikləri səylər və keçirdikləri tədbirlər bir sıra hallarda ciddi nəticə vermir, əksinə, münasibətlərin daha da gərginləşməsinə, vəziyyətin mürəkkəbləşməsinə və münaqişələrin artmasına gətirib çıxarır.
Bu, bütövlükdə dünyada ekstremizm və radikallıq meyillərinin, silahlı və qanlı qarşıdurmaların artmasına, günahsız insanların münaqişə qurbanlarına çevrilməsinə təkan verir. Müasir dövrdə qüvvətli dövlət və vətəndaş cəmiyyətinin, beynəlxalq qurumların birgə səylərinin olmadığı təqdirdə bu kimi problemlərin qarşısının alınması mümkünsüz görsənir. Ekstremizm və radikallıqla səmərəli mübarizə üçün həm güclü dövlətin, həm də güclü vətəndaş cəmiyyətinin olması şərtdir.
Azərbaycan tarixinə nəzər yetirsək, görərik ki, xalqımız əsrlər boyu müxtəlif dinlərə, o cümlədən, zərdüştlüyə, məsihiliyə, İslama etiqad etmiş və bu da əhalimizin böyük əksəriyyətində dini tolerantlığın yaranmasına səbəb olmuşdur. Lakin, son dövrlər gedən proseslər ekstremizmin artmasına səbəb olan, göstərilən amillərin nəzərə alınmasını vacib edir.
Qeyd olunanları nəzərə alaraq, radikallıq mənbəyinə çevrilən qüvvəllərlə mübarizənin açıq və gizli metodlarının koordinasiyası, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati-profilaktik tədbirlərindən istifadə olunur. Eyni zamanda, əhali arasında terrorçuluğun mahiyyəti və dində radikalizmin zərərli tərəflərinə dair izahedici işin təşkili, terrorçu və ekstremist təşkilatların təbliğatına qarşı müasir dünyada dində tolerantlığın üstünlüyünü təbliğ edən materialların internet məkanda və KİV-lərdə dərc edilməsi də böyük əhəmiyyət daşıyır".
O qeyd edib ki, müasir dövrdə fundamental insan hüquqlarından olan vicdan və dini etiqad azadlığının təmin edilməsi bir çox dövlətlərin və beynəlxalq qurumların siyasətində və qarşılıqlı əlaqələrində xüsusi rol oynayır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin borcu və müstəsna hüququdur. Din dövlətdən ayrı olsa da dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.
"Dövlətimiz dini ekstremizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir. Normativ-hüquqi aktların beynəlxalq normalara uyğunlaşdırılması, dövlətin, həm də dini qurumların hüquq və öhdəliklərinin dəqiq müəyyən olunması, eləcə də insanpərvərlik prinsipləri ilə ziddiyyət təşkil edən zərərli fikirləri təbliğ edən təriqət və cərəyanların fəaliyyətinin məhdudlaşdırılması məqsədilə qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir.
Ekstremizmə qarşı mübarizənin gücləndirilməsi və radikallıq meyillərinin qarşısının alınması ilə bağlı müddəalar Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də əksini tapmışdır. Məcəllənin 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), maddələri ekstremizmə qarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir və həmin maddədən əsasən dünyəvi dövlət quruluşunu devirmək məqsədilə silahlı qruplaşmalar yaratmış radikal düşüncəli dindarlara, eləcə də "cihad"da iştirak etmək niyyəti ilə xaricdəki münaqişə bölgələrinə getmiş şəxslərə qarşı istifadə olunur. Bu istiqamətdə görülən hüquqi tədbirlərin müasir tələblərə uyğunlaşdırmaq məqsədilə 2014-cü ilin mart ayında xaricdəki münaqişələrdə iştirak edən şəxslərə qarşı tətbiq olunan cəzalar sərtləşdirilmiş və Cinayət Məcəlləsinə 283-1.3-cü (Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, yaxud həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma və ya belə qrupa rəhbərlik etmə, eləcə də həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə, yaxud bu ağır cinayətlərə hazırlıq) maddəsi əlavə edilmişdir", - A.Qarayev bildirib.
Politoloqun sözlərinə görə, 2015-ci ilin dekabr ayında "Dini ekstremizmə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanunun qəbul edilməsi milli, sosial və ya dini nifrətin salınmasının, milli ləyaqətin alçaldılmasının, milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasının və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlərin törədilməsinin qarşısının alınmasına ciddi töhfələr vermişdir.
"Sənədə əsasən, dini ekstremizm, dini fanatizm və dini radikalizm hallarının aşkarlanmasına, qarşısının alınmasına və bu hallar nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsinə kömək edə biləcək məlumatların müvafiq dövlət orqanlarına verilməsi hər kəsin borcudur. Qanuna görə dini ekstremist fəaliyyətində iştirak edən şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələr ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Dini ekstremist fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin qeydiyyatı ləğv edilir və onların fəaliyyəti qadağan edilir.
Qanuna əsasən, Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı dini ekstremistlərin həyatına, sağlamlığına və ya əmlakına ziyan vurulmasına yol verilir. Dini ekstremizmə qarşı mübarizədə iştirak edən şəxs dini ekstremizm əleyhinə aparılan xüsusi əməliyyat zamanı vurulmuş ziyana görə məsuliyyət daşımır.
"Vətəndaşlıq haqqında" qanuna edilmiş əlavəyə görə, isə Azərbaycanda terrorda iştirak etmək, konstitusiya quruluşunun zorla dəyişdirilməsi hərəkətlərinin həyata keçirilməsi vətəndaşlığın itirilməsi ilə nəticələnə bilər. Sənəddə deyilir ki, vətəndaş dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçərsə, düşmənçilik zəminində dini məzhəbləri yayarsa, dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak edərsə, həmin fəaliyyətə digər şəxsi cəlb edərsə, yaxud bu məqsədlə silahlı qrup yaradarsa vətəndaşlıqdan məhrum ediləcək. Qanunvericiliyə edilmiş bu əlavələrdən sonra, məhkəmənin müvafiq qərarı ilə xaricdəki münaqişələrdə iştirak edən 250-dən artıq şəxs AR vətəndaşlığından məhrum edilmiş və bu istiqamətdə tədbirlər davam etdirilir", - o bildirib.
A.Qarayev qeyd edib ki, dini ekstremizm ilə mübarizə sahəsində görülən işlərdən biri də xaricdə dini təhsil almış və zərərli dini təsirlərə məruz qalmış gənclərin məscidlərə din xadimi təyin edilməsinin qarşısının alınması məqsədilə 2015-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra əlavə və dəyişikliklər edilməsidir.
"Sözügedən Qanunun 21-ci maddəsinin 3-cü bəndinə əsasən, "İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır". Burada əsas məqsəd xaricdə təhsil alarkən yad ideoloji təsirlərə məruz qalmış şəxslərin ölkədə din xadimi kimi fəaliyyət göstərmələrinin, dini ibadət yerlərində və ictimaiyyət arasında zərərli dini təbliğat aparmalarının qarşısının alınmasıdır. Həmçinin, qanuna yeni əlavəyə görə, Azərbaycanda bundan sonra ibadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstünə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağan olunur. Dini bayraqlar yalnız ibadətgahlar, dini mərkəz və idarələrin üzərində yerləşdirilə bilər.
Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatların aparılması zamanı hüquqi rejimin tələblərini pozanlar əməliyyat ərazisində giriş-çıxışa mane olanlar, ərazidən lazım olduğu təqdirdə köçürülmə tələblərinə tabe olmayanlar, nəqliyyat vasitələrinin yoxlanılmasına mane olanlar, yoxlanışlardan imtina edənlər və sair hərəkətlərə yol verənlərin cəzalandırılması da nəzərdə tutulur. Bununla əlaqədar, Azərbaycan Respublikasının prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinə müvafiq maddə əlavə edilmişdir.
Bu gün Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları ölkədə ekstremizmin və radikallıq meyillərinin qarşısının alınması məqsədilə ardıcıl və sistemli tədbirlər həyata keçirir. Radikal təriqətlərin ölkəmizdə yayılmasına imkan verilməməsi, xaricdə fəaliyyət göstərən silahlı birləşmələrin tərkibində döyüşən gənclərlə bağlı həyata keçirilən tədbirlər bu fikri təsdiq edir.
Bütövlükdə problemin ciddiliyini və aktuallığını nəzərə alaraq, ekstremizm ilə mübarizədə Azərbaycanın aidiyyəti dövlət orqanları, ictimai təşkilatlarla birlikdə qabaqlayıcı, hüquqi və profilaktik xarakterli tədbirlərin görülməsini təşkil etməlidirlər", - deyə politoloq əlavə edib.
