Bakı. Trend:
Azərbaycanın tələbələr tərəfindən hazırlanmış ilk peyki olan “Azərbaycanın Zəfəri”nin “SpaceX Falcon9” raketi ilə uğurla orbitə buraxılması münasibətilə səmimi təbriklərimizi bildiririk.
Trend xəbər verir ki, bu fikirlər ABŞ-nin Azərbaycandakı Səfirliyinin sosial şəbəkə hesabındakı paylaşımında yer alıb.
Səfirlikdən bildirilib ki, “Azercosmos” nəzdində fəaliyyət göstərən Kosmik Akademiyasının tələbələri tərəfindən hazırlanmış bu “PocketQube” peyki onların yüksək texniki bacarıqlarının, innovativ düşüncəsinin və işə olan sarsılmaz bağlılığının parlaq göstəricisidir.
“Yenilikçiliyi və mükəmməlliyi ilə tanınan dünyanın aparıcı kosmik proqramlarından birinə sahib olan Amerika Birləşmiş Ştatları kosmos, STEM təhsili və qabaqcıl texnologiyalar sahəsində ABŞ-Azərbaycan əməkdaşlığının daha da gücləndirilməsini qürurla dəstəkləyir və bununla da yeni nəsil alim və mühəndislərin yetişməsinə töhfə verir”, - paylaşımda qeyd edilib.
