Bakı. Trend:
TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdəki nümayəndəliyinin icraçı direktoru, səfir Balaş Hendrix ilə görüşüb.
Trend xəbər verir ki, bu barədə TÜRKPA-nın "X" hesabında paylaşım edilib.
Balaş Hendrix TÜRKPA nümayəndə heyətinin ziyarətindən məmnunluğunu ifadə edib. O, üzv dövlətlər arasında qanunvericilik çərçivələrinin uyğunlaşdırılması üzrə ortaq əməkdaşlığın vacibliyini vurğulayaraq, TÜRKPA-nın koordinasiyası ilə TDT tərəfindən qəbul olunan qərarların milli parlamentlərdə sürətli ratifikasiyasının əhəmiyyətini qeyd edib. O, həmçinin 2026-cı ildə konfranslar, seminarlar və panel müzakirələrinin təşkili məqsədilə TÜRKPA ilə TDT-nin Avropa Nümayəndəliyinin ortaq fəaliyyət imkanlarına toxunub və bu çərçivədə Avropa İttifaqı ilə əlaqələrdə Macarıstan nümayəndəliyinin “körpü” rolunu xüsusi vurğulayıb. Sözügedən tədbirlərin Orta Dəhliz təşəbbüsündə və TDT-nin Qəbələ Bəyannaməsində əks olunan ortaq maraq doğuran mövzuları əhatə edəcəyi bildirilib.
Göstərilən təşəbbüslər TÜRKPA-nın Baş katibi və səfir Balaş Hendrix tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Onların gələcək fəaliyyət planına daxil edilməsi məsələsi də müzakirə edilib.
Görüşdə qısamüddətli təcrübə proqramlarının həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu kontekstdə TDT-nin Avropa Nümayəndəliyinin diplomatik heyətinin TÜRKPA-da, TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşlarının isə TDT-nin Macarıstan nümayəndəliyində təcrübə mübadiləsi proqramlarında iştirak edə bilməsi üçün imkanların yaradılması barədə faydalı fikir mübadiləsi aparılıb. Tərəflər bildiriblər ki, qardaş ölkələrin rəhbərləri tərəfindən təsdiqlənmiş siyasi qərarların və bəyannamələrin həyata keçirilməsi baxımından hökumətlərarası təşkilat kimi TÜRKPA-nın TDT ilə sıx əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır.
Səfir Ramil Həsən nümayəndəliyə ilk rəsmi səfər çərçivəsində göstərilən səmimi qəbula görə təşəkkür edib. O, türk dünyasının ortaq strateji maraqlarının əməkdaşlıq üçün yeni perspektivlər açdığını qeyd edərək, bu potensialın ortaq təşəbbüslərlə reallaşdırılmasının vacibliyini vurğulayıb. Diplomat TDT-nin Budapeşt nümayəndəliyinin TÜRKPA-nın fəaliyyətində, xüsusilə üzv dövlətlər arasında koordinasiya mexanizmləri çərçivəsində fəal iştirak etməsi ilə bağlı təklif irəli sürüb. O, həmçinin Macarıstanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Attila Tilkinin noyabr ayında İstanbulda ATƏT PA-nın payız sessiyası çərçivəsində keçirilmiş koordinasiya iclasında iştirakını yüksək qiymətləndirib. Səfir gələcək müzakirələr və əməkdaşlığın genişləndirilməsi məqsədilə səfir Balaş Hendrixi TÜRKPA-nın Bakıdakı Beynəlxalq Katibliyini ziyarət etməyə dəvət edib.
Səfir Balaş Hendrix görüşdən məmnunluq ifadə edərək, Budapeşt nümayəndəliyinin bütün türk qurumları üçün “açıq qapı” prinsipinə sadiq olduğunu bildirib. O, “Türk Dünyasına Baxış – 2040” sənədində müəyyən edilmiş uzunmüddətli hədəflərə nail olunması baxımından sıx əməkdaşlığın vacibliyini qeyd edib və TDT-nin dinamik inkişaf etdiyini vurğulayıb. İcraçı direktor Macarıstan Xarici İşlər Nazirliyi və Baş nazirin tam dəstəyi ilə fəaliyyət göstərən Avropa nümayəndəliyinin bütün türk qurumları üçün ortaq bir məkana çevrildiyini bildirib.
Balaş Hendrix fəaliyyətyönümlü plan və təşəbbüslərin parlamentlərin güclü iştirakını tələb etdiyini vurğulayaraq, üzv dövlətlər arasında enerji sahəsində əməkdaşlıq kimi bir çox strateji məsələlərin təbii olaraq TÜRKPA ilə əməkdaşlığa səbəb olduğunu etiraf edib. O, bütün üzv dövlətlərin enerji sahəsində mühüm üstünlüklərə malik olduğunu qeyd edərək, prioritet sahələrə diqqətin yönəldilməsinin vacibliyini vurğulayıb. O, daha sonra institusional potensialı gücləndirən və Avropa İttifaqının fəaliyyət mühitini dərindən dərk edən mübadilə proqramlarının və insanlar arasında əlaqələrin əhəmiyyətini qeyd edib. Səfir Hendrix TÜRKPA komissiyalarının fəaliyyətini izləməkdən məmnun olduğunu və əsas layihələrdə qardaş təşkilatlar arasında artan qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirib. O, ziyarətə görə minnətdarlığını bildirərək nitqini yekunlaşdırıb.
Görüşdə Baş katibi onun müavinləri Talqat Aduov, Muhammet Alper Hayali, Komissiya katibi Aynurə Abutalıbova və Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət ediblər. Həmçinin TDT-nin Budapeşt nümayəndəliyinin layihə koordinatoru Ali Kılıçarslan da görüşdə iştirak edib.
