Bakı. Trend:
Milli Məclisin sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsəni qəbul edib.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə eyni kökdən olan, ortaq milli-mənəvi dəyərləri bölüşən xalqlarımız, qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşməsində türk dövlətləri təşkilatlarının fəaliyyətlərinin əhəmiyyəti qeyd olunaraq, bu mənada TÜRKPA çərçivəsində əməkdaşlığın vacib rolu vurğulanıb. Qeyd olunub ki, Türk Dövlətləri Parlament Assambleyası parlamentlərimizin qarşılıqlı faydalı işbirliyinin səmərəli mexanizminə çevrilib. Milli Məclis həm TÜRKPA-ya üzv qardaş ölkələrin parlamentləri ilə, həm də çoxtərəfli əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirir.
Söhbət zamanı təşkilatın gələcək fəaliyyəti və perspektiv planları ilə bağlı fikir mübadiləsi aparılıb. Milli Məclisin sədri TÜRKPA-nın institusional fəaliyyətinin daha səmərəli həyata keçirilməsi ilə bağlı fikirlərini bildirib.
Ramil Həsən TÜRKPA-nın Baş katibi kimi keçirdiyi görüşlər və apardığı müzakirələr haqqında məlumat verib.
