Bakı. Trend:
Azərbaycanda regional və beynəlxalq təşkilatlara üzvlük çərçivəsində qanunvericilik təkmilləşdirilib.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” və “Standartlaşdırma haqqında” qanunlarda edilən dəyişiklikdə öz əksini tapıb.
Qanuna əsasən, yeni dəyişikliklə uyğunluğu qiymətləndirən qurumların əhatə dairəsi genişləndirilir və səriştəlilik sınaqlarının təşkili üzrə təminatçıların, validasiya orqanlarının və verifikasiya orqanlarının da uyğunluğu qiymətləndirən qurumlar sırasına daxil edilməsi təmin edilib, bununla əlaqədar qanuna yeni anlayışlar (səriştəlilik sınağı, validasiya, verifikasiya) əlavə edilib, eləcə də uyğunlaşdırılma çərçivəsində "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Dövlət rüsumu haqqında" və "Standartlaşdırma haqqında" qanunlarda düzəlişlər edilib.
Qanun uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya sisteminin təkmilləşdirilməsinə və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına, bununla da akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən verilən uyğunluq sənədlərinin (müvafiq sertifikatların, sınaq nəticələrinin və s.) beynəlxalq səviyyədə tanınmasına xidmət edəcək.
Qeyd edək ki, ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı"nın 2.1-ci bəndində milli akkreditasiya qurumunun ISO/IEC17011 beynəlxalq standartın tələblərinə uyğunlaşdırılması, müvafiq akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlara tamhüquqlu üzvlüyünün təmin edilməsi və qarşılıqlı tanınma sazişlərinin bağlanılması nəzərdə tutulub. Həyata keçirilən işlər çərçivəsində milli akkreditasiya qurumu - Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatına (International Laboratory Accreditation Cooperation - ILAC) və Asiya-Sakit Okean Akkreditasiya Əməkdaşlığına (APAC) tamhüquqlu üzv qəbul edilib.
