Bakı. Trend:
21 yanvar 2026-ci il tarixində Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun xarici işlər nazirinin müavini Elnur Məmmədov və dövlət katibinin köməkçisinin müavini Sonata Koulterin rəhbərliyi ilə onlayn formatda ikinci iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
İclas zamanı, ötən ilin avqustunda Vaşinqton Sülh Sammiti çərçivəsində Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə arasında enerji, ticarət, tranzit də daxil olmaqla regional bağlantılar, iqtisadi sərmayə, müdafiə və təhlükəsizlik, terrorçuluqla mübarizə, eləcə də süni intellekt, rəqəmsal infrastruktur kimi sahələrdə strateji tərəfdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Strateji Tərəfdaşlıq Xartiyasının yekunlaşdırılması məqsədilə sənədin mətni üzərində müzakirələr davam etdirilib.
