Bakı. Trend:
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” Qanunlarına edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin Azərbaycan Respublikasının ərazisindən qanunsuz aparılmasına görə
- fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsinə, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına görə fiziki şəxslər üç min manat məbləğində, vəzifəli şəxslər altı min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə ediləcək.
Qanun 2026-cı il fevralın 1-dən qüvvəyə minəcək.
Dövlət başçısı müvafiq Qanunun icrası ilə bağlı Fərman imzalayıb.
