...

Prezident İlham Əliyevin BƏƏ-yə səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır - Azər Qarayev

Siyasət Materials 5 Fevral 2026 15:15 (UTC +04:00)
Prezident İlham Əliyevin BƏƏ-yə səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır - Azər Qarayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm siyasi və iqtisadi əhəmiyyət daşıyır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, bu səfər Azərbaycan ilə BƏƏ arasında son illər yüksələn xətt üzrə inkişaf edən münasibətlərin məntiqi davamı kimi qiymətləndirilir:

"Prezident İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşlər zamanı tərəflər siyasi dialoqun intensivləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, investisiya mühiti və regional sabitlik məsələlərini müzakirə ediblər. Prezident İlham Əliyevin səfəri eyni zamanda, Azərbaycanın Yaxın Şərq ölkələri ilə əlaqələrini gücləndirmək və Körfəz regionunda etibarlı tərəfdaş mövqeyini möhkəmləndirmək strategiyasına uyğun olub".

A.Qarayev bildirib ki, səfər çərçivəsində imzalanan sənədlər xüsusilə diqqət çəkib:

"Azərbaycan və BƏƏ Prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satılması ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb. Bu razılaşma Azərbaycanın enerji sektoruna beynəlxalq investorların marağının artdığını göstərməklə yanaşı, “Cənub Qaz Dəhlizi” kimi strateji layihənin maliyyə dayanıqlığını daha da gücləndirir. Eyni zamanda bu addım Avropanın enerji təhlükəsizliyinə töhfə verən layihələrdə Azərbaycanın aparıcı rolunu möhkəmləndirir".

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin səfəri təkcə iqtisadi deyil, həm də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın inkişafı baxımından əlamətdar olub:

"Səfər zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığına dair niyyət məktubu imzalanıb. Bu sənəd iki ölkə arasında hərbi əməkdaşlıq, müdafiə sənayesi və təcrübə mübadiləsi sahələrində əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açır.

Ümumilikdə, fevralın 2-də baş tutan bu səfər Azərbaycan-BƏƏ münasibətlərinin yeni mərhələyə yüksəldiyini, tərəflər arasında etimad və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da möhkəmləndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin səfəri Azərbaycanın regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeyini gücləndirən mühüm diplomatik addım kimi dəyərləndirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti