Münxen. Trend:
Finlandiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ən yaxın zamanda imzalanacağına ümid edir.
Bunu Trend-ə özəl müsahibəsində Finlandiya Xarici İşlər Nazirliyinin Avro-Atlantik departamentinin baş direktoru Sari Rautio Münxen Təhlükəsizlik Konfransı ərəfəsində bildirib.
“Biz sülh prosesində son müsbət addımları, o cümlədən ötən ilin avqustunda Vaşinqtonda sazişin paraflanmasını alqışlayırıq.
Biz həmçinin ölkələr arasında ticarət münasibətlərinin mərhələli şəkildə açılmasından məmnunuq. Sülh bütün region üçün, o cümlədən TRIPP (Tramp Marşrutu) çərçivəsində əhəmiyyətli iqtisadi artım və yeni imkanlar yaradır. Hər iki tərəfdən etimadın möhkəmləndirilməsi cəmiyyətlərdə sülh mədəniyyətinin formalaşdırılması baxımından da vacibdir. Ermənistan və Azərbaycan xalqları dayanıqlı sülhə layiqdir. Ümid edirik ki, yaxın vaxtlarda regionun rifahı və Avropada sabitliyin möhkəmləndirilməsi naminə sülh sazişi imzalanacaq”, - deyə o bildirib.
Rautio həmçinin qeyd edib ki, Finlandiya hökuməti ümumilikdə təhlükəsizliyə investisiya qoyuluşunu davam etdirir və Finlandiya cəmiyyətinin əsas dayaqlarından biri olan kompleks təhlükəsizlik modelini inkişaf etdirir.
“Rusiyanın Ukraynaya qarşı apardığı müharibə göstərdi ki, hərbi əməliyyatların təkamülünə və onların getdikcə daha texnoloji xarakter almasına baxmayaraq, ənənəvi müharibə aparmaq imkanları hələ də əhəmiyyətini qoruyur. Avropa öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət götürür və müdafiə qabiliyyətini gücləndirir. Finlandiya üçün ABŞ-nin gələcəkdə də Avropanın təhlükəsizliyi və müdafiəsinə sadiqliyini qoruması vacibdir. NATO Rusiyanın Avroatlantik regionun təhlükəsizliyinə yaratdığı uzunmüddətli təhdidə cavab olaraq çəkindirmə və müdafiə tədbirlərini gücləndirməyə davam edir”, - deyə o vurğulayıb.
Rautio bildirib ki, Finlandiya BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanan çoxtərəfli əməkdaşlığı qətiyyətli şəkildə dəstəkləyir. Belə ki, məhz bu yanaşma gücə deyil, qaydalara əsaslanan dünya nizamının təməlini qoyur.
“Qaydasız dünya kiçik ölkə üçün sərt reallıqdır. Bu gün həmin fundamental normalar İkinci Dünya müharibəsindən bəri görünməmiş dərəcədə sınaqdan keçirilir. Finlandiya və digər kiçik və orta dövlətlər üçün BMT və onun Nizamnaməsinin əhəmiyyəti ekzistensial xarakter daşıyır ki, bu da onları milli maraqlarımız və təhlükəsizliyimizin ayrılmaz bir parçasına çevirir. Biz getdikcə daha sərt rəqabətlə səciyyələnən bir dövrdə yaşayırıq. Turbulent dövrlərdə dialoq və diplomatiya vasitəsilə çoxtərəfliliyin gücləndirilməsi zəruridir. Finlandiya əməkdaşlığın yenidən ön plana çıxması istiqamətində addımlar atır.
Eyni zamanda, BMT müasir reallıqları nəzərə alaraq islahat aparmalıdır. O, daha çevik, nəticəyönümlü və effektiv olmalıdır. Finlandiya BMT Təhlükəsizlik Şurasının islahatını və onun daimi və qeyri-daimi üzvlər hesabına genişləndirilməsini dəstəkləyir ki, şura mövcud qlobal siyasi və iqtisadi reallıqları daha dolğun əks etdirsin. Əgər biz sülhün əsasını təşkil edən beynəlxalq institutları, o cümlədən Birləşmiş Millətlər Təşkilatını dəstəkləməsək, uğursuzluğa düçar olarıq”, - deyə o qeyd edib.
Rautio bildirib ki, Finlandiya BMT-nin fəaliyyətində fəal iştirak edir və bu işi davam etdirmək niyyətindədir.
“Məhz buna görə biz 2029–2030-cu illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyimizi irəli sürmüşük. Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə qaydalara əsaslanan beynəlxalq nizamın kobud şəkildə pozulmasıdır və bu pozuntu BMT Təhlükəsizlik Şurasının daimi üzvü tərəfindən davam etdirilir. Bu, təkcə Avropanın müharibəsi deyil. Biz 1945-ci ildən mövcud olan beynəlxalq nizamın sonunun şahidi oluruq. Demokratiya, azadlıq və hüququn aliliyi gələcək nəsillər üçün dünyamızı müəyyən edən dəyərlər olaraq qalması üçün Avropa bu müzakirələrin fəal iştirakçısı olmalıdır.
Rusiya Avro-Atlantik regionun təhlükəsizliyi üçün uzunmüddətli təhdid yaradır. Finlandiya Ukraynada ədalətli və dayanıqlı sülhü dəstəkləyir. Rusiya danışıqlarda həqiqi hazırlıq və ya xoş məram nümayiş etdirməyib. Əksinə, o, ən soyuq qış dövründə vətəndaşları istilik, elektrik və sudan məhrum etmək məqsədilə enerji sistemini çökdürməyə çalışaraq mülki infrastruktur obyektlərinə hücumlarını davam etdirir. Finlandiya Ukraynaya, o cümlədən enerji sektorunda hərtərəfli dəstək göstərir”, - deyə o yekunlaşdırıb.
