Bakı. Trend:
Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İran tərəfindən Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş dron hücumlarını qınayan və ölkəmizlə həmrəylik ifadə edən bəyanatını yüksək qiymətləndiririk.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin İranın ölkəmizə qarşı dron hücumları ilə bağlı bəyanatına dair şərhində deyilib.
Nazirlik bildirib ki, bu bəyanatla, ABŞ tərəfi öz tərəfdaşlarına olan dəstəyini bütün dünyaya nümayiş etdirib.
"ABŞ tərəfindən bəyan edilən bu mövqe cari ilin 10 fevral tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın ruhuna və məzmununa tam uyğundur.
Belə bir gərgin dönəmdə bir çox ölkələr Azərbaycana dəstəyini və həmrəyliyini nümayiş etdirib. Biz onların hər birinə minnətdarıq.
Təbii ki, dünyanın ən qüdrətli dövləti olan ABŞ tərəfindən göstərilən bu dəstəyin xüsusi əhəmiyyəti vardır.
Nümayiş etdirilən prinsipial mövqeyə görə Amerika Birləşmiş Ştatlarına təşəkkürümüzü bildiririk", - deyə bildirilib.
