...

XƏLƏF XƏLƏFOV: AZƏRBAYCAN VƏ BOLQARISTAN ARASINDA SƏNƏDLƏRİN LAYİHƏLƏRİNİN ƏKSƏRİYYƏTİ İMZALANMAĞA HAZIRDIR

Siyasət Materials 21 Sentyabr 2005 14:07 (UTC +04:00)
XƏLƏF XƏLƏFOV: AZƏRBAYCAN VƏ BOLQARISTAN ARASINDA SƏNƏDLƏRİN LAYİHƏLƏRİNİN ƏKSƏRİYYƏTİ İMZALANMAĞA HAZIRDIR

Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 23-24-də Bolqarıstana səfəri zamanı imzalanması nəzərdə tutulan sənədlərin layihələrinin əksəriyyəti artıq imzalanmağa hazırdır. Bu barədə Trend ə Azərbaycanın xarici işlər nazirinin müavini, hökumətin işçi qrupuna rəhbərlik edən və hazırda prezidentin Bolqarıstana səfərinə hazırlıqla məşğul olan, Xələf Xələfov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan tərəfi ilə danışıqlar bu gün başa çatır. Ekspertlər qarşıdakı görüşün gündəyinin böyük hissəsini müzakirə edərək razılaşdırıblar. "Prezidentlər ikitərəfli və regional əməkdaşlıq, həmçinin, beynəlxalq əlaqələrə dair məsələləri müzakirə etməyi planlaşdırırlar", - deyə nazir müavini qeyd edib.

Tərəflər əlaqələrin inkişafına dair 8-10 sənəd imzalayacaq (dövlət telekanalları, baytarlıq xidmətləri arasında əməkdaşlığa dair hökumətlər və idarələrarası, həmçinin turizm, idman, fitosanitariya sahələrində, o cümlədən ikiqat vergiqoymadan yayınmaya dair sazişlər).

Dövlət başçıları səviyyəsində görüşdə hər iki ölkənin Avropa İttifaqına qoşulması sahəsində əməkdaşlıq haqqında memorandumun imzalanacağı gözlənilir. Səfər çərçivəsində biznes-forum keçiriləcək və bu məqsədlə Azərbaycanın iş adamlarından ibarət nümayənddə heyəti Sofiyaya gələcək. Forum iki istiqamətdə - turizm, investisiya və inşaat sahələrində fəaliyyət göstərəcək.

Xatırladaq ki, İlham Əliyevin Bolqarıstana cavab səfəri bu ölkənin prezidenti Georgi Pırvanovun dəvəti ilə həyata keçiriləcək. Bolqarıstan prezidenti artıq 2004-cü ildə Azərbaycanda rəsmi səfərdə olub.

Səfər zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üzrə başlanmış danışıqlar davam etdiriləcək. Prezidentin səfər proqramına prezident G.Pırvanovla, həmçinin, baş nazir Sergey Stanişevlə, parlamentin spikeri Georgi Pirinski ilə görüşlər daxildir. İ.Əliyev və G.Pırvanov Azərbaycan və Bolqarıstanın iş adamlarının iştirak edəcəkləri biznes foruma qoşulacaqlar.

Xəbər lenti

Xəbər lenti