...

Asim Mollazadə deputat seçildiyi dairədə bəzi rəqiblərini ona qarşı "qara piar" kampaniyası aparmaqda günahlandırıb

Siyasət Materials 10 Noyabr 2005 15:51 (UTC +04:00)

"6 noyabr parlament seçkilərində rəqiblərim mənim əleyhimə qanunsuz şəkildə "qara piar"dan istifadə etdilər. Lakin mən seçki kampaniyası dövründə bunlara cavab verməməklə nümayiş etdirdim ki, rəqiblərimə qarşı əks təbliğatdan istifadə etmirəm". Trend in məlumatına görə, bu fikirləri noyabrın 10-da mətbuat konfransı keçirən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə bildirib. O, seçkinin nəticələrinə dair, həmçinin, namizəd olduğu 22 saylı Nəsimi ikinci seçki dairəsindəki rəqiblərinin iddiaları ilə bağlı mövqeyini açıqlayaraq bildirib ki, həmin seçki dairəsindən namizədliyini irəli sürmüş Murad Sadəddinov və Yaqub Məmmədov KİV vasitəsilə onun ünvanına xoşagəlməz ifadələr işlədib, guya saxta üsullarla deputat seçildiyini söyləyiblər. A.Mollazadənin sözlərinə görə, rəqibləri "qara piar"dan istifadə etməklə demokratik prinsipləri və seçki qanunvericiliyini pozublar, qeyri-sivil, kirli texnologiyaya üstünlük veriblər. DİP sədri seçkidə saxta üsullarla qalib gəlməsi barədə deyilənləri rədd etdiyini vurğulayıb, özünün üstünlüyünü MSK-nın açıqladığı rəqəmlərlə əsaslandırıb.

A.Mollazadə "PA Consaltinq Group" şirkətinin 22 saylı Nəsimi ikinci seçki dairəsində keçirdiyi və nəticələrinə görə M.Sadəddinovun üstün olduğu "exit-poll"un düzgün və obyektiv olmadığını bildirib. O hesab edir ki, həmin "exit-poll"da "karusel" üsulundan istifadə olunub.

DİP sədri 6 noyabr parlament seçkilərinə dair fikirlərini bildirərkən bu seçkidə bir sıra müsbət dəyişikliklərin müşahidə edildiyini və irəliyə doğru bir addım olduğunu vurğulayıb. Onun fikrincə, ölkə rəhbərinin bu seçkidə nümayiş etdirdiyi siyasi iradə, hazırda saxtakarlıq olan məntəqələrin nəticələrinin ləğv edilməsi, seçkiyə qanunsuz müdaxiləyə yol verən icra başçılarının vəzifəsindən kənarlaşdırılması müsbət məqamlardandır. DİP sədri, həmçinin, bir sıra neqativ halların olduğunu da qeyd edib.

Xəbər lenti

Xəbər lenti