...

Vidadi Mahmudov və Arzuxan Əlizadə barələrində deyilən ittihamları rədd edib

Siyasət Materials 3 Dekabr 2005 14:31 (UTC +04:00)

Dekabrın 3-də Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov və MSK üzvü Arzuxan Əlizadə mətbuat konfransı keçirib. Trend xəbər verir ki, onlar 6 noyabr parlament seçkilərinin yekun protokollarının Konstitusiya məhkəməsinə göndərilməsinə dair barələrində səslənən ittihamları təkzib edib. V.Mahmudov bildirib ki, o, seçkinin yekun protokollarının Konstitusiya məhkəməsinə göndərilməsinin əleyhinə səs verib. Lakin o, texniki sənəd sayılan protokollara imza atıb.

V.Mahmudovun sözlərinə görə, o, heç kəsin təzyiqi olmadan özü müstəqil şəkildə bu addımı atıb. V.Mahmudov qeyd edib ki, seçkidə saxtakarlıqlar olması barədə təqdim etdiyi xüsusi rəyi indi də qalır, imzaladığı protokollar isə vəziyyətin mahiyyətini dəyişmir.

"26 noyabr aksiyasında baş vermiş hadisələrin məsuliyyətini daşımaq istəmədim. Mən öz siyasi məqsədlərimə görə, mövcud vəziyyəti bilə -bilə heç kəsi təhlükə altında qoymazdım. Bir vaxtlar məni özlərinə baş ucalığı sayan, indi məni ittiham edən müxalifət liderlərinin bu hərəkəti siyasi jestdir və öz siyasi maraqlarına yönəlib".

V.Mahmudov bildirib ki, MSK üzvləri seçkinin nəticələrini tanıyıb-tanımamaq barədə bəyanat verə bilməzlər çünki bu, artıq siyasi qərardır. MSK üzvləri isə siyasətçi deyillər, onlar yalnız mövcud qanun pozuntularının aradan qaldırılmasına çalışırlar.

Arzuxan Əlizadə də bildirib ki, Konstitusiya məhkəməsinə göndərilən protokollara imza atmaqla heç bir qəbahət iş görməyiblər, əksinə öz vəzifə borclarını yerinə yetiriblər. "Protokollar bu seçkidə son qərarı özündə əks etdirmir, çünki son qərarı Konstitusiya məhkəməsi verir. Biz yenə də bu fikirdəyik ki, 6 noyabr seçkisində kifayət qədər qanun pozuntuları olub".

Xəbər lenti

Xəbər lenti