Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) "Jurnalistikanın Avropa Universiteti" adlı yeni sənəd hazırlanır. Məruzənin hazırlanması ideyasının müəllifi Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Huseynovdur. Bu barədə aprelin 13-də Strasburqda Trend in müxbiri ilə söhbətində R. Hüseynov məlumat verib.
O qeyd edib ki, bu sənəd onun AŞPA üçün hazırladığı sayca ikinci sənəddir. "Bundan əvvəl mənim tərəfimdən "Qaçqınların və məcburi köçkünlərin Avropada təhsil alması" adı altında sənəd hazırlanıb, azərbaycanlı parlamentari onun təşəbbüsü ilə Avropa Şurasının himayəsi altında Strasburqda ali təhsil müəssisəsinin açılması planlaşdırıldığını xatırladıb. Onun açılmasında əsas məqsəd AŞ üzvü olan ölkələrin KİV nümayəndələri üçün seminar və treninqlər keçirilməsindən ibarətdir. Həmçinin, Avropanın məşhur siyasi və ictimai xadimləri ilə görüşlərin keçirilməsinin planlaşdırılmasıdır.
Belə bir universitetin yaradılmasında daha bir mühüm məqsəd AŞ ilə KİV nümayəndələri arasında bütün Avropa miqyasında sıx əlaqələrin yaradılmasıdır", -deyə parlamentari bildirib.
O həm də bildirib ki, 2006-cı il mayın 18-də Parisdə AŞPA-nın elm, təhsil və mədəniyyət üzrə komissiyasının iclası keçiriləcək buradak layihənin ilkin müzakirələri aparılacaq.
"Bu il noyabrın 20-də San-Marinoda keçiriləcək AŞPA bürosunun iclasında mən bu məsələ ilə bağlı çıxış edəcəyəm" -deyə sonda azərbaycanlı parlamentari bildirib.