Yaponiya hökumətinin Azərbaycanda həyata keçirilən qrant proqramı çərçivəsində layihənin gerçəkləşdirilməsi başa çatıb. Yaponiya səfirliyindən Trend agentliyinə verilən məlumata əsasən, Səngaçal qəsəbəsində "Ot kökləri və insan təhlükəsizliyi" proqramı çərçivəsində tikilmiş uşaq bağçasının aprelin 17-də açılışı olacaq.
Layihənin gerçəkləşdirilməsinə Yaponiya səfirliyi ilə "Dünyaya baxış" beynəlxalq təşkilat arasında bağlanmış saziş əsasında 2005-ci ilin iyulunda başlanılıb. Layihənin dəyəri 92.900 dollardır. Onun məqsədi təhsilin səviyyəsinin yaxşılaşdırılması və qəsəbə sakinlərinin sosial problemlərinin həllidir.
"Ot kökləri və insan təhlükəsizliyi" proqramı Azərbaycanda 2000-ci ildən gerçəkləşdirilir. İndiyə qədər proqram çərçivəsində ümumi büdcəsi 4,7 mln. dollar olan 74 layihə həyata keçirilib. Layihələr sosial sahələrin, xüsusilə, təhsil, səhiyyə və infrastrukturun inkişafına yönəlib. Səfirliyin məlumatına əsasən, Azərbaycan müstəqillik qazandıqdan bəri Yaponiya Azərbaycan hökumətinə 693.60 mln. dollara yaxın yardım göstərib.